Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan vasitədir

20 Fevral 2020 18:32 (UTC+04:00)

Bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Xalqımızın ən zəngin milli-mədəni irsi onun adət-ənənələri, mədəniyyəti, tarixi və dilidir. Bu əsasda formalaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış və bu günümüzə qədər gəlib çatmışdır. Bildiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçmiş, lakin buna baxmayaraq, öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Belə ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur.

Ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafıkasına keçsək də, bu, uzun sürməyən bir proses olmuşdur. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində, əlifbamızın dəyişməsi, kiril əlifbasına keçid, ana dilimizin zəifləməsinə gətirib çıxardı, saflığına və təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözlərlə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər zəifləməyə başladı. Onu da, qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərəfdən, Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi, ana dilimizin qorunmasına yönəldilmişdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dil uğrunda mübarizə daha da sürətləndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmağa başlandı. Tədqiqat işlərinin nəticəsi olaraq, dilçi alimlərin yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qramatikasının və onun semantik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir. Müxtəlif lüğətlərin yaranması, ana dilini öyrənən əsərlərin meydana çıxması dilçi alimlərin və ziyalıların gərgin əməyi nəticəsində ortaya qoyuldu. Sözsüz ki, belə bir gündə dilçilik elmində Azərbaycan dilinin bu və ya digər sahələrini öyrənən alimlərin adını qeyd etməmək mümkün deyil. F.Köçərli, M.Dəmirçizadə, T.Hacıyev və başqaları Azərbaycan dilinin inkişafı istiqamətində çox ciddi elmi faktlara əsaslanan nümunələrlə çıxış etməyə başladılar. Onu da qeyd edək ki, Azərbaycan ziyalıları təbəqəsi, bir estafet olaraq, öz yerlərini yetişməkdə olan dilçilərə vermişdirlər. Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Ömər Faiq Nemanzadənin, Nəriman Nərimanovun və onlarla belə ziyalıların dil uğrunda apardığı mübarizə dilin saflığına və leksikologiyasının zənginləşməsinə müsbət təsirini göstərmişdir.

"HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI, HƏR BİR AZƏRBAYCANLI ÖZ ANA DİLİ, AZƏRBAYCAN DİLİNİ VƏ DÖVLƏT DİLİNİ MÜKƏMMƏL BİLMƏLİDİR"

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir" deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açdı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

DİLİMİZ XALQIN KEÇDİYİ BÜTÜN TARİXİ MƏRHƏLƏLƏRDƏ ONUNLA BİRGƏ OLMUŞDUR

Bu sahəyə aid digər sərəncamlar ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilini inkişafına öz töhfələrini verir. Prezident İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.

Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əməl etməyə vətəndaş olaraq borcludur. Azərbaycan milli mətbuatında dil məsələsi aktual olan mövzulardandır. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafizəsi, danışıq dilində sözlərin tələffüzü və digər məsələlər vacib hesab olunur. Dilin təmizliyi uğrunda mübarizə aparan və dilin inkişafına ömürlərini həsr edən simaların və şəxsiyyətlərin qarşısında məsuliyyətliyik. Milli mətbuatda jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyinin ifadəçisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Jurnalist peşəkarlığının əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri gələndə, nitqdə hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görüməsi - bütün bunlar jurnalist üçün vacib hesab edilən amillərdir.

Azərbaycan mətbuatının Həsən bəy Zərdabidən və "Əkinçi"dən qalan zəngin ənənələri vardır. Bu ənənələr "Əkinçi" ətrafına toplaşanlar, habelə, sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilib. Yetmiş illik sovet dövründə mətbuatımız kommunist ideologiyasına xidmət göstərsə də, yenə inkişafdan qalmayıb, böyük peşəkar jurnalistlər dəstəsi yetişib. Müstəqillik dövründə, mətbuat və söz azadlığının tam bərqərar olduğu bir zamanda peşəkarlığın itməsinə, qəzetlərimizin səviyyəsinin aşağı düşməsinə heç nə səbəb ola bilməz. Dilin saflığı, səlistliyi uğrunda mübarizəyə qoşulan Həsən bəy Zərdabi və onun silahdaşlarının ənənəsi milli mətbuatda qorunmalıdır. Xalqın danışıq dilinə əsaslanaraq, ənənəni qorumaq və yeni dövrün reallıqlarına uyğun şəkildə daha da zənginləşdirmək, mətbuatımızı daha da inkişaf etdirmək həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.

ZÜMRÜD BAYRAMOVA