125 saylı Zəngilan-Qubadlı dairəsində 11 məntəqənin nəticələri ləğv edilib - AÇIQLAMA

20 Fevral 2020 18:14 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədlər Faiq Kərimov və Nazim Azadoğlunun müraciətinə baxılıb. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı MSK üzvü Tofiq Həsənov məlumat verib.

MSK üzvü bildirib ki, namizədlər müraciətlərində dairə üzrə seçkilərdə lider namizədin xeyrinə səslərin süni şəkildə artırılmasını qeyd ediblər: "Araşdırma ilə bağlı şikayətçilərlə əlaqə saxlanılıb. Müraciətlə əlaqədar araşdırma aparılıb. Araşdırma ilə əlaqədar 11 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır".

İclasda həmin dairənin 11 seçki (1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı) məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi İmamverdi İsmayılovdur.