Azərbaycan Ordusunda daşqaldırma üzrə birincilik keçirilib

20 Fevral 2020 18:00 (UTC+04:00)

Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən Xocavənd Rayon İdman Mərkəzində şəhid hərbi qulluqçuların xatirəsinə həsr olunan daşqaldırma üzrə ordu birinciliyi keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, tədbirdə birlik komandiri general-mayor Mayis Bərxudarov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən 80 idmançının 14 komanda üzrə 6 çəki dərəcəsində mübarizə apardığı birincilik daşqaldırma yarışlarının proqramına daxil olan birdən və təkanla qaldırma üzrə keçirilib. Şəxsi hesabda kiçik çavuş Şamo Ələsgərov (60 kq), müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Marat Şeydabəyov (65kq), kiçik çavuş Taleh Şıxəliyev (70 kq), əsgər İmar Qarayev (80 kq), əsgər Elsevər Zeynalov (90 kq) və kiçik çavuş Mübariz Balaşkişizadə (90 kq-dan artıq) birinci yerə layiq görülüblər.

Yekun nəticələrə əsasən komanda hesabında “Şəmkir”, “Beyləqan” və “Bərdə” komandaları ilk üç yerdə qərarlaşıblar. Qaliblərə fəxri fərman, diplom və kuboklar təqdim edilib.