"İtaliya Azərbaycanın ən mühüm ticarət ortaqlarından biridir" ÖZƏL-MÜNASİBƏT

20 Fevral 2020 16:05 (UTC+04:00)

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına səfəri Azərbaycan xarici siyasətini həyata keçirən diplomatiyamızın mühüm səhifələrindən biridir". Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, İtaliya-Azərbaycan münasibətlərinin dərin tarixi kökləri var: "Hələ orta əsrlərdən italyan səyyahları Azərbaycanda olub və ölkəmiz haqqında onların maraqlı fikirləri var. 1918-1920-ci illərdə Azərbaycan-İtaliya münasibətləri məlum bir çərçivədə qurulub. 1922-ci ilə qədər bu və ya başqa səviyyədə Azərbaycan-İtaliya diplomatik siyasi əlaqələri mövcud olub. Sovet dövründə Azərbaycan SSR mərkəz vasitəsilə İtaliya ilə əlaqələr saxlayıb. Azərbaycan məhsulları İtaliyaya göndərilib. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan-İtaliya arasında birbaşa əlaqələrin qurulması üçün imkanlar yaranıb. İki ölkə arasında münasibətlərdə yeni mərhələni heç şübhəsiz Ümummilli Lider Heydər Əliyevin İtaliyaya səfəri təşkil edib. Sonrakı dövrlərdə cənab Prezidentimizin gərgin səyləri nəticəsində Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni səviyyəyə çıxıb. Bu gün İtaliya dünyanın yeddi qabaqcıl, inkişaf etmiş ölkəsindən biridir və dünya siyasətində, iqtisadiyyatında sözü olan ölkədir. İtaliya Azərbaycanın ən mühüm ticarət ortaqlarından biridir. Azərbaycan-İtaliya münasibətlərində mədəni, hümanitar əlaqələr xüsusi yer tutur. Hesab edirəm ki, cənab Prezidentimizin bu səfəri ölkələrimiz arasında münasibətlərə yeni dinamizm verəcək və yeni potensialı üzə çıxaracaq”.