Yeni layihə

20 Fevral 2020 13:45 (UTC+04:00)

Azərbaycan Milli Xalça Muzeyinin uşaq şöbəsi öz zövqünə güvənən 10-18 yaşarası uşaq və yeniyetmələr üçün növbəti layihəni təqdim edir. Muzeydən SİA-ya bildirilib ki, iştirakçılar martın 1-dən iyunun 1-dək, həftənin şənbə günləri, saat 10:00-dan 13:00-a qədər muzeydə milli geyimlərin tikilməsi və təbliği məqsədilə həyata keçiriləcək təhsil proqramına qatılmaq imkanı əldə edəcəklər.

“Nənəmin sandığından yaranmış Fashion Show’’ adlı proqram müddətində iştirakçılara milli geyimlərimizin tarixi, həmçinin materiallardan istifadə qaydaları, məmulatın tikilmə üslubu haqqında nəzəri və praktik dərslər keçiriləcək. 3 aylıq təhsil proqramının sonunda iştirakçılar tərəfindən hazırlanmış kostyumların moda nümayişi olacaq. Təhsil proqramını uğurla bitirən uşaqlara sertifikatlar da təqdim ediləcək.