395 min suriyalı Türkiyənin terrorçulardan təmizlədiyi bölgələrə qayıdıb

20 Fevral 2020 10:52 (UTC+04:00)

Türkiyə Miqrasiya Xidmətinin rəisi Abdulla Ayaz 395 mindən çox suriyalının Türkiyənin terrorçulardan təmizlədiyi bölgələrə qayıtdığını söyləyib. SİA-nın məlumatına görə, Türkiyədəki suriyalıların sayı barədə məlumat verən A.Ayaz bildirib ki, hazırda ölkədə 3 milyon 573 min suriyalı var.

Terrordan təmizlədiyimiz bölgələrə qayıdan suriyalıların sayı isə 395 mini keçib. Qayıdışlar davam edir. "Sülh çeşməsi əməliyyatından sonra da qayıdışlar başlayıb. Qarşıdakı dövrdə bu sayın artacağını gözləyirik - deyə bildirib.

İdlibdəki prosesi və rejimin hücumlarını da şərh edən A.Ayaz Əsəd rejiminin atəşkəs rejiminə əməl etmədiyin vurğulayıb: "Atəşkəs elan edilib, ancaq rejim buna əməl etmir. İdlibdəki hücumlarını davam etdirir. Bunun nəticəsidir ki, sərhədlərimizə doğru bir hərəkətlilik var. 350 mindən çox insan yollara düşmək məcburiyyətində qalıb. Mövzu ilə bağlı əvvəllər də qeyd etdiyimiz kimi, bu insanlar mütləq sərhədin o tayında qalacaq və orada saxlanılacaq".

O, bildirib ki, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) başda olmaqla, Türk Qızılay Cəmiyyəti və digər QHT-lər sərhədin o tayında yeni düşərgələr salınması və gələn insanlara humanitar yardımlar edilməsi üçün ciddi səy göstərir.