Yaponiyada iki nəfər karantində olan gəmidə koronavirusdan ölüb

20 Fevral 2020 10:26 (UTC+04:00)

Yaponiyada yeni koronavirusun (Kovid-19) yayılması səbəbindən Yokohama limanında karantinə alınan "Diamond Princess" kruiz gəmisində iki sərnişin ölüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Yaponiyanın Kyodo xəbər agentliyinin verdiyi məlumata görə, 500-dən çox sərnişində "Kovid-19" virusunun aşkarlandığı "Diamond Princess" gəmisində 80 yaşlı qadın və kişi sərnişin ölüb.

Ölən sərnişinlərin şəxsiyyətləri haqqında ətraflı məlumat verilməsə də, Yaponiyada virusdan ölənlərin sayı 3-ə yüksəlib.

Xatırladaq ki, ölkədə 80 yaşlarında bir qadın keçən həftə Kanagava bölgəsində "Kovid-19"un səbəb olduğu sətəlcəmdən dünyasını dəyişib.

Paytaxt Tokio yaxınlarındakı Yokohama limanında 4 fevraldan karantinə alınan və 3 min 500-dən çox sərnişinin və gəmi heyətinin olduğu "Diamond Princess" adlı kruiz gəmisində test cavabları neqativ çıxan sərnişinlərin təxliyəsinə başlanılıb.