"Rusiya və Bəşər Əsəd Ankaraya başqa seçim qoymayıb" ÖZƏL - MÖVQE

20 Fevral 2020 10:20 (UTC+04:00)

"Türkiyənin İdlib ətrafına ordu yeritməsi realdır". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya və Bəşər Əsəd Ankaraya başqa seçim qoymayıb: "Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan xarizmatik fiqurdur. Görəsən Rusiya prezidenti Vladimir Putin Bəşər Əsədə “İdlibə hücuma başla!” əmrini verdikdə nə düşünürdü? Hesab edirdi ki, dostu Ərdoğan İdlibin itirilməsini, şəhər ətrafında Türkiyə hərbçilərin öldrülməsini və yüzminlərlə suriyalının Türkiyə sərhəddinə yaxınlaşmasıyla barışacaq? Demək Putin Ərdoğanı hələ yaxşı tanımır. Ancaq Ərdoğan da dostu Putini hələ yaxşı tanımır, ona inanmağa çalışır.

Kreml sahibi İstanbulda "Türk axını" boru xəttinin açılışında Ərdoğana vəd etmişdi ki, İdlib ətrafında və Liviya paytaxtı Tripolidə atəşkəsə riayət olunacaq. Lakin heç birinə riayət olunmadı. Putin Əsədə “hücuma keç” əmrini verdiyi kimi liviyalı müxalif general Xəftərə də “vur” əmrini verdi. Putin düşündü ki, Ərdoğan Kreml sahibinin Türkiyə əleyhinə yönələn bu əmrlərini həzm edəcək, rusiyalı turistlərin Türkiyəyə axınını, atom elektrik stansiyasının tikintisini və boru xətlərini nəzərə alaraq addım atmayacaq. Ərdoğan hazırda Putinə yanıldığını göstərməyə çalışır".