Xocalı ilə bağlı həqiqətlər dünya mediasına çıxarılmalıdır - AÇIQLAMA

19 Fevral 2020 16:59 (UTC+04:00)

"Mətbuat Şurası jurnalistlərə Xocalı soyqrımını dünya ictimaiyyətinə və xarici həmkarlarına çatdırmağı tövsiyə edir". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov Xocalı soyqrımının 28-ci il dönümü ilə əlaqədar görüləcək işlərdən bəhs edərkən deyib.

O bildirib ki, ötən illər ərzində Mətbuat Şurası Xocalı soyqrımı ilə əlaqədar jurnalistlər arasında müsahibələr təşkil edib. Lakin bu il həmin tipdə müsahibələr təşkil edilməyəcək. Əflatun Amaşov vurğulayıb ki, Mətbuat Şurasının jurnalistlər üçün xüsusi tövsiyələri olacaq: "İndi jurnalistlərə tövsiyə edirik ki, Xocalı hadisələri ilə bağlı cəmiyyətə daha geniş məlumatlar, daha dolğun informasiyalar ötürməyə çalışsınlar. Xocalı faciəsi zamanı həlak olanlar, itkin düşənlər, həmçinin zərər çəkənlərlə bağlı ictimaiyyətə bu günə qədər araşdırılmamış, verilməmiş informasiyaları araşdırsınlar və çatdırsınlar".

Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan üçün vacib olan məsələlərdən birinin də Xocalı soyqrımının xarici mediada təzahür tapma məsələsidir: "Azərbaycan jurnalistlərinə eyni zamanda tövsiyə etmişik ki, Xocalı soyqrımı ilə bağlı acı həqiqətlər dünya mediasına da çıxarılsın. Jurnalistlərimiz öz qələmləri ilə xarici mediada da çıxış etsinlər. Orada olan bütün hadisələri dünya ictimaiyyətinə və həmkarlarına çatdırsınlar. Bununla da azərbaycanlılara qarşı törədilmiş soyqrımı faktı ilə bağı ayrı-ayrı Parlamentlərdə qəbul olunmuş qərarların sayının çoxalmasını hədəfləyirik".

Ə.Amaşov qeyd edib ki, Xocalı soyqrımı ilə bağlı ən çox qardaş ölkə Türkiyə mediasında kütləvi məlumatlar verilir:

"Türkiyə mediasında bu məsələ geniş şəkildə işıqlandırılır. Avropa ölkələrinin əksəriyyətində də bu məsələ ilə bağlı geniş yazılara yer verilir. Avropa ölkələrindən xüsusilə Macarıstanda Xocalı soyqrımı məsələsi mətbuatda geniş əksini tapır. Bu və ya digər ölkələrdə soyqrımı ilə bağlı məlumatlar əks olunur".

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın SİA-ya verdiyi məlumatda Nazirlikdə Xocalı soyqrımının 28-ci ildönümünə həsr olunmuş mətbuat kofransının keçiriləcəyi bildirilib. O əlavə edib ki, hər il olduğu kimi bu il də ölkədən kənarda diplomatik nümayəndəliklərimiz tərəfindən Xocalının ildönümünün anımı ilə əlaqədar silsilə tədbirlər keçiriləcək.