"Münhen sammiti xarici sərmayənin cəlb edilməsi baxımından vacibdir" - AÇIQLAMA

19 Fevral 2020 14:51 (UTC+04:00)

“Münhen konfransı Azərbaycan üçün eyni zamanda iqtisadi baxımdan əhəmiyyətlidir”. Bunu SİA-ya açıqlamasında iqtisadi ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, əvvəla Azərbaycan Prezidenti enerji təhlükəsizliyi ilə əlaqədar dəyirmi masada keçirilən müzakirələrdə iştirak edib: “Azərbaycanın regional layihələrdəki rolu, eyni zamanda Avropa ölkələri daxil olmaqla bir sıra region ölkələrinin enerji təhlükəsizliyinin formalaşmasına töhfəsindən danışıb. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan regional layihələrdə və Avropanın enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən ölkədir. Azərbaycan artıq TANAP layihəsi vasitəsilə Türkiyəyə ildə 7 milyard kubmetrə yaxın əlavə mavi qaz nəql etmək niyyətindədir. TANAP layihəsinin Avropa sərhəddinə qədər olan hissəsi inşa edilib və artıq Türkiyəyə mavi qazı nəql edir. 2020-ci ildə də Azərbaycan TAP vasitəsilə İtaliya daxil olmaqla, cənubi Avropa ölkələrinə mavi yanacaq nəql edəcək. Bununla da ilkin mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qazın nəql edilməsi nəzərdə tutulub. Bütövlükdə Cənub Qaz Dəhlizi Azərbaycan üçün mövcud qiymətlərlə 100 milyard dollardan artıq gəlir vəd edir. Bu kontekstdən yanaşsaq Cənab Prezident Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin əhəmiyyətini, eyni zamanda region və Azərbaycan üçün faydasını təqdim edib”.

V.Bayramov söyləyib ki, bu müzakirələr ölkə rəhbərinin iştirakı ilə həyata keçirilib. “Dövlət başçısı ölkənin bütövlükdə regionda artan nüfuzu və mövqeyi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Prezident İlham Əliyev konfrans çərçivəsində bir neçə görüşlər keçirib və həmin görüşlərdə Azərbaycanın iqtisadi potensialı qeyri-neft sektorunun inkişaf imkanları investisiya mühitinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycanda aparılan islahatlarla bağlı məlumatmaları kifayət qədər geniş auditoriya ilə bölüşüb. Bu isə ondan xəbər verir ki, əslində Münhen Konfransı həm də Azərbaycanın iqtisadi potensialı, son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatları bir daha təqdim etmək və bu kontekstdə qeyri-neft sektoruna yeni investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli olub”.

Ekspert vurğulayıb ki, Azərbaycan Prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və keçirdiyi görüşlərdə Azərbaycanda aparılan islahatlar, Azərbaycan iqtisadiyyatının potensialı, investisiya mühiti ilə əlaqədar aparılan işlərdən danışır. Bu da ölkəyə, eləcə də qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi üçün bir baza formalaşdırır. Bu baxımdan Münhen sammiti həm də bizim üçün qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi baxımından vacib idi. 2020-ci ildə aparılacaq islahatlar çərçivəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi əsas prioritet istiqamətdir. Ona görə də bu cür nüfuzlu tədbirlərdə Azərbaycanın iştirak etməsi vacibdir və Azərbaycanın potensialının təqdim edilməsinə pozitiv təsir göstərir”.