BTQ ilə sərnişin daşınması nə vaxt həyata keçəcək? - AÇIQLAMA

19 Fevral 2020 13:58 (UTC+04:00)

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə sərnişin daşınmalarının təşkili ilə bağlı işlər həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları"​ QSC-nin mətbuat katibi Natavan Bayramova deyib.

2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə tranzit yüklərin daşınması ilə yanaşı, sərnişin daşınması da nəzərdə tutulurdu. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov mətbuata verdiyi açıqlamada yeni qatarın bir neçə dəfə sərnişin olmadan hərəkət edəcəyini və sınaqdan keçiriləcəyini və 2019-cu ilin avqust ayında sərnişin daşınmasının həyata keçiriləcəyini bildirmişdi.

N.Bayramova bildirib ki, Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin qatarı fəaliyyətə başlayacağı ərəfədə onun hərəkət qrafiki barədə əvvəlcədən ölkə vətəndaşlarına KİV vasitəsilə ətraflı məlumat veriləcək: "Həmin istiqamət üzrə sərnişin qatarlarının sınağı keçirilib. Müvafiq sənədlər hazırlanıb və onlar imzalandıqdan sonra sərnişin daşımalarına start veriləcək. Bunun üçün İsveçrənin "Stadler Rail Group" şirkəti arasında imzalanan müqaviləyə əsasən 10 vaqon Azərbaycana gətirilib, ikinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur".

Qeyd edək ki, Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 nəfərlikdir. Ümumilikdə qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub.