"Xocalı soyqırımının tanıdılması üçün atılan addım alqışlanmalıdır" ÖZƏL-AÇIQLAMA

19 Fevral 2020 12:24 (UTC+04:00)

"22 fevralda Berlində baş tutacaq Ümumavropa Qarabağ mitinqinin əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Güman edirəm ki, Avropanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız orada iştirak edəcəklər. Yəqin ki orada yaşayan qardaş Türkiyə xalqının vətəndaşları da iştirak edəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

"Arzu olunandır ki, bizi dəstəkləyən kim varsa, hətta Avropa dövlətlərinin ədalətli mövqe ilə bu məsələyə yanaşan vətəndaşlarının da iştirak etməsi çox vacibdir və məqsədəuyğundur. Xocalı soyqırımı ilə bağlı ermənilərin dezinormasiya xarakterli müxtəlif dövrlərdə yaydığı, bu gün də o işlə məşğul olduğu Avropada bu mitinq çox böyük əks-səda verəcək. Bu mitinqdə səsləndirilən fikirlər, iştirakçıların fəaliyyəti təbii ki, avroplalılara əsl həqiqətin çatdırılmasına xidmət edəcək. Bunun təsiri çox böyük olacaq. Xocalı soyqırımının tanıdılması üçün bu addımın atılması hesab edirəm ki, alqışlanmalıdır. Burada bizim Diasporla İş üzrə Dövlət Komitəmiz də çox fəal olacaqdır. Yəqinki həmin mitinqdə Azərbaycandan da gedib iştirak edənlər olacaq. Belə tədbirlərin çox keçirilməsi, daha kütləvi olması üçün çalışmaq lazımdır ki, həmin mitinqi keçirən ölkənin KİV-ləri, qəzetləri, televiziyaları, jurnalistləri, siyasətçiləri ora cəlb olunsun. Çünki əks təqdirdə adətən biz özümüz deyib, özümüz eşidirik. Yəni mitinq təkcə azərbaycanlılardan ibarət olmamalıdır. Mən bir Xocalı sakini, soyqırıma məruz qalmış bir insan kimi o tədbirin bütün təşkilatçılarına, iştirakçılarına öncədən bütün xocalılar və öz adımdan böyük minnətdarlığımı bildirirəm"-deyə, deputat fikrini tamamlayıb.