Bəşər Əsəd Ərdoğanla Putini düşmənə çevirir

18 Fevral 2020 18:39 (UTC+04:00)

Hə, artıq neçə ildir ki, dünyanın maraqla və təəcüblə izlədiyi Putin-Ərdoğan ittifaqı gerçəkdən çat verir. Onsuz da müəyyən maraqlar əsasında qurulmuş bu ittifaq, Rusiyanın Suriyada Türkiyəni İdlibdən vurub çıxarmaq istəyindən sonra baş verir. Neçə illərdir ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın həddən artıq yaxınlaşma və hətta Moskvanın bir NATO üzvü ilə mütəffiqlik səviyyəsində olan mehribançılığı yavaş-yavaş aradan qalxır deyəsən. Əslində, hər şey Bəşər Əsədin Türkiyənin İdlibdəki postlarına etdiyi hücumdan və iki gündə 10-dan çox türk əsgərinin öldürülməsindən sonra başladı. Donald Tramp da fürsəti boşa vermədi və rəsmi Ankaraya tək olmadığını, NATO müttəfiqi kimi Türkiyə ilə həmrəy olduğunu açıqaladı. Görəsən, Türkiyə ilə NATO-da müttəfiq olması niyə əvvələr Ağ Ev sahibinin heç yadına düşmürdü? Sanki Qərb bu vəziyyətdən yararlanıb Ərdoğanı Putinlə tərəfdaşlıqdan qoparmağa can atır. Bəşər Əsəd bu məsələdə açıq-aydın V.Putinə "qəbir qazır".

Məsələyə həm də başqa bir prizmadan baxmaq lazımdır. Axı az qala Vladimir Putinlə hər dəfəki görüşündə yerə yıxılıb ayağından öpməyə belə hazır olan B.Əsəd, Türkiyə ordusuna qarşı hücumu özbaşına təşkil edə bilməzdi və buna onun cürəti də çatmaz. O gözəl bilir ki, bunun ağır bədələni canı ilə ödəyər. Çünki V.Putinin maraqlarına zidd olan, onu "yandıran" istənilən addım B.Əsəd üçün hər şeyin sonu olar. Amma belə görünür ki, Türk əsgərini öldürməyə qədər gedib çıxan B.Əsəd cəsarəti Moskvadan alır və dolayısı ilə Rusiya Ərdoğanla bu "dildə danışaraq", rəsmi Ankaranı İdlibdən çıxıb getməyə səsləyir.

Amma qarşı tərəf bunun tam əksini olaraq addım atır və son üç gündə İdlibdəki postlara minlərlə Türkiyə əsgəri və xüsusi təyinatlıları yerləşdirilib. Ən əsas da güclü hərbi texnikanı bu əraziyə gətirən Türkiyə, artıq geri çəkiləsi variantının qalmadığını, bunun baş verəcəyi təqdirdə dünya birliyindəki nüfuzunu zədələyə biləcəyini əla anlayır.

Bir yandan da rəsmi Ankara az qala müttəfiq olduqları Rusiyanın onu İdlibdən vurub çıxarmaq istəyini göz önünə gətirib İdlibdə möhkəmlənməyi planlaşdırır. Hər halda, on mindən çox hərbi qüvvəni İdlibə yerləşdirməklə rəsmi Ankara bu məsələdə olduqca istəkli görünür. Belə anlaşılır ki, nə qədər qarşısını almaq üçün V.Putin və R.T.Ərdoğan cəhdlər etsələr də, görünən odur ki, əvvəl-axır bu baş verəcək. Çünki hər iki ölkənin Suriya torpaqlarında elə strateji maraqları var ki, bunlar vazkeçilməzdir. Xüsusilə Türkiyə üçün Suriya olduqca və olduqca önəmli faktordur. Əgər Rusiya min kilometrlərlə uzaqdan durub gəlib Suriyada ev yiyəsi kimi mövqe tutursa, cəmi yüz metr aralıda sərhədi olan Türkiyənin öz maraqlarını Moskvaya təslim etməsi nəinki qəbuledilməzdir, heç mümkün də deyil axı...

Ən azı ona görə ki, rəsmi Ankara neçə illərdir terror qruplaşmalarının və müxtəlif silahlı qruplaşmaların at oynatdığı Suriya və İraq torpaqlarında özünə qarşı yeni təhlükə cəbhəsinin yaranmasını qəbul edə bilməz. Çünki bunun baş verəcəyi təqdirdə Türkiyə ilk öncə dünya birliyindəki nüfuzunu heçə endirəcək, üstəgəl neçə illərdir ki, "PKK"-ya qarşı apardığı qanlı mübarizədə qazandığı mövqeləri itirəcək, hələ üstəgəl də öz sərhədlərində terror qruplaşmalarının at oynatmasını seyr etməli olacaq. Yuxarıda da dediyimiz kimi, bu variant Türkiyə üçün mümkünsüzdür.

Belə olan halda isə, V.Putin rəsmi Ankaraya İdlibdə güzəştə getməli olacaq. Amma güzəşt edəcəkmi?. Çox çətin sualdır. Belə demək mümkünsə həm V.Putin, həm də R.T.Ərdoğan hazırkı sövdələşməni qüvvədə saxlamaq, hər ikisinin maraqlarına uyğun gələn tərəfdaşlığı davam etdirmək üçün çapalayırlar. Amma alınacaqmı, hər ikisi öz maraqlarından vaz keçib bu tərəfdaşlığı düşmənçiliyə çevirməmək üçün nə edəcəklər?,- bunu zaman göstərəcək. Amma görünən odur ki, İdlibdəki proses və B.Əsəd Ərdoğanla Putini düşmənə çevirir.

Mətləb Salahov