Ədliyyə Akademiyasında “Daxili bacarıqların inkişafı” mövzusunda üçgünlük təlim keçirilib

18 Fevral 2020 15:32 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə seçimi davam edir. Hazırda imtahanlarda uğur qazanmış 44 namizəd hakim vəzifəsinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında təşkil edilən tədris kursuna cəlb olunub. Bu kurslarda nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris edilir. Onların məhkəmələrdə, həmçinin beynəlxalq təcrübəni öyrənmələri məqsədilə xarici dövlətlərdə staj keçmələri nəzərdə tutulur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hakimliyə namizədlərin tədris proqramına bir çox aktual mövzular, o cümlədən hakimlərin etik davranış qaydaları və deontologiyası ilə bağlı mövzular daxil edilib.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin etik davranış məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə 2007-ci il iyunun 22-də Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün spesifik əxlaq və etik tələbləri, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayan və peşə fəaliyyətinə münasibətini müəyyən edən Etik Davranış Kodeksi qəbul olunub. Dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında Məhkəmə-Hüquq Şurasına həmin Kodeksin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin olunması tapşırılıb.

Ədliyyə Akademiyasında kurs keçən hakimliyə namizədlərlə etik davranış məsələlərin tədrisinə mühüm önəm verilərək Etika Akademiyası ilə birgə “Daxili bacarıqların inkişafı” mövzusunda üçgünlük təlim keçirilib. Təlimin açılışında namizədlərin daxili bacarıqlarının inkişafı, onların yüksək davranış standartlarına və təsir mexanizmlərinə yiyələnmələri üçün təlimin əhəmiyyəti qeyd olunub.

Tədbirdə Böyük Britaniyanın ICM institutunun HR üzrə mütəxəssisi, etiket və yüksək standartlar üzrə təlimçi-hüquqşünas Günel İbrahimin mövzu ilə bağlı təqdimatı dinlənilib. Namizədlərə geyim kodeksi, protokol nitq, diksiya, natiqlik, söz ehtiyatının çoxaldılması, yaddaş məşqləri, stressə davamlılıq texnikaları aşılanıb.

Təlim zamanı interaktiv məşğələlərə maraq göstərən namizədlər bir neçə əyani məşğələdə iştirak edib, alimlərin ən son ixtiralarına istinad edən daxili bacarıqların inkişafı texnikasını, natiqlik mövzusunda xüsusi qısa düsturlar və təsir texnikalarını mənimsəyib, stressə davamlılıq kateqoriyasında özünü motivasiya edən fəndlər haqqında məlumat alıblar.