"Zelenski separatçıların təxribatını cavabsız qoymamağa çalışacaq" ÖZƏL-MÖVQE

18 Fevral 2020 14:39 (UTC+04:00)

“Atəşkəsin kövrək olduğu Ukraynada bugünkü təxribatla bir daha sübut olundu. Vladimir Zelenski Ukrayna prezidenti olduqdan sonra birmənalı bəyan etdi ki, müharibə istəmir. Zelenski yaydan bu yana separatçılarla və Moskva ilə kiçik razılaşmalar da əldə etməyə başlamışdı. Ancaq vəziyyətin sabitləşməsinə inamın artdığı məqamda separatçılar Moskvanın təlimatıyla yenə təxribata əl atdılar”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Luqansk separatçıları Minsk razılaşmalarını pozaraq bu gün təmas xəttini yararaq hücuma keçməyə cəhd ediblər: “Separatçılar Rusiyadan aldıqları bütün silah növlərindən Ukrayna ordusunun mövqelərinə zərbələr endirilər. Ukrayna hərbçiləri arasında ölən və yaralananlar var. Ukrayna prezidenti bu saatlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb. Zelenski nə qədər sülhpərvər olsa da, separatçıların təxribatını cavabsız qoymamağa çalışacaq.

Bu olay göstərdi ki, Kreml ətrafdakı münaqişələrin sülh yolu ilə həllindən ağız dolusu danışsa da, istədiyi məqamda nəzarət etdiyi separatçıları hərəkətə gətirə bilər. Zelenskinin hökuməti son aylarda iqtisadiyyatda müəyyən irəriləyişlər əldə etməyə başlamışdı, maaşlar və pensiyalar artırdı. Aydındır ki, Ukraynanın sakit şəraitdə problemlərini həll etməyə çalışması və addım-addım irəriləməsi Kremlin maraqlarına uyğun deyil. Ona görə də növbəti təxribata ehtiyac var idi. Onu da etdilər. İndi Zelenski vaxtının çoxunu və ölkəsinin ehtiyaclarını yenidən separatçılarla mübarizəyə cəlb etməlidir. Kremlə də elə bu lazımdır”.