KOB Dostu və KOB Evi layihələrinin mahiyyəti nədir? AÇIQLAMA

18 Fevral 2020 14:24 (UTC+04:00)

"Hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindəndir". Bu sözləri SİA-ya açıqlamasında Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin mətbuat katibi Vüsalə Quliyeva KOB Dostu və KOB Evi layihlərinin mahiyyətini şərh edərkən deyib.

O bildirib ki, KOB dostları fəaliyyət göstərdikləri rayon və şəhərlərdə KOB-lara mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi xidmətlər çərçivəsində informasiya, məsləhət, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris, sahibkar maraqlarının müdafiəsi, hüquqi yardım və s. istiqamətlərdə dəstək olur. Sahibkarlarla birbaşa ünsiyyətdə olan KOB dostları zəruri hallarda sahibkarlara səyyar xidmətlər də göstərir:

"2019-cu ildə ölkənin 10 şəhər və rayonunda, o cümlədən ötən ilin 6 dekabr tarixində Cəlilabad rayonunda yerləşən Heydər Əliyev Mərkəzində KOB dostlu fəaliyyətə başlayıb.

Hazırda ölkə üzrə 21 "KOB Dostu" fəaliyyət göstərir. KOB dostu şəbəkəsi gündən-günə genişlənir. 2020-ci ildə daha bir neçə şəhər və rayonda KOB dostlarının fəaliyyətə başlaması nəzərdə tutulur".

Vüsalə Quliyeva əlavə edib ki, fevralın 7-də Xaçmaz şəhərində Kiçik və Orta Biznes evinin (Xaçmaz KOB evi) fəaliyyətə başlaması KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarlar üçün dövlət xidmətlərinin yaxşılaşdırılması, xidmətlərə vahid məkanda, rahat, maneəsiz və şəffaf çıxışın təmin olunması baxımından əlverişli platformadır:

"KOB evi biznes subyektləri üçün operativlik, nəzakətlilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərinin göstərildiyi vahid məkandır.

İlk KOB evinin Xaçmaz şəhərində, Quba-Xaçmaz iqtisadi rayonunda yaradılması təsadüfi deyil. Ümumiyyətlə, bu iqtisadi rayon özünün iqtisadi fəallığı, böyük iqtisadi potensialı ilə seçilir, turizm rayonu kimi tanınır. Meyvə-tərəvəz istehsalı üzrə ixtisaslaşmış Quba-Xaçmaz regionu Rusiya ilə həmsərhəd bölgədə yerləşdiyi üçün burada aktiv şəkildə idxal-ixrac əməliyyatları aparılır. Həmçinin, burada xeyli sayda KOB subyektləri fəaliyyət göstərir. Belə ki, iqtisadi rayonda 3500-dən çox mikro, 182 kiçik, 70 orta, habelə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 53 minə yaxın sahibkarlıq subyekti qeydiyyatdan keçib.

Eyni zamanda Xaçmaz KOB evi təsis edilməzdən əvvəl bu mərkəzə olan ehtiyac barədə bölgədə fəaliyyət göstərən ixracatçı şirkətlər arasında sorğu keçirilib. Ümumiyyətlə, Xaçmaz KOB evi əsasən ixrac əməliyyatları üzrə ixtisaslaşıb və bu istiqamətdə sahibkarlara hər cür dövlət və zəruri biznes xidmətləri göstərilir.

KOB evi Xaçmazda və ətraf rayonlarda sahibkarların işini asanlaşdırmaqla yanaşı, regionda kiçik və orta biznesin inkişafını, yeni KOB subyektlərinin yaranmasını stimullaşdıracaq, rayonun iqtisadi potensialının daha dolğun reallaşdırılmasında əhəmiyyətli olacaqdır.

Hazırda Xaçmaz KOB evində sahibkarlara 4 biznes prosesi üzrə 300-ə yaxın xidmət göstərilir ki, bunun 200-ə yaxını dövlət, 100-ə qədəri isə biznes subyektlərinin göstərdiyi xidmətlərdir. Burada biznesin planlaşdırılması prosesi üzrə sahibkarlara biznes planların hazırlanması, startaplarla iş, biznes biliklərinin artırılması, inkubasiya və s. xidmətlər təqdim olunur. Biznesə başlanılması mərhələsində Xaçmaz KOB evində sahibkarların qeydiyyatı, onlara lisenziya və icazələrin verilməsi, bank-sığorta və digər xidmətlər göstərilir. Biznesin işlədilməsi mərhələsində sahibkarlara vergi və digər hesabatların verilməsi, idxal-ixrac əməliyyatları, logistika və infrastruktur şəbəkələrinə çıxış və s. xidmətlər təqdim edilir. Biznesin inkişaf etdirilməsi mərhələsində isə KOB-lara daxili və xarici bazarlara, ixracın və investisiyaların təşviqi, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə xidmətlər göstərilir.

Xaçmaz KOB evində 25 xidmət pəncərəsi fəaliyyət göstərir ki, bunların 15-i dövlət orqanları tərəfindən təqdim edilən gömrük, vergi, əmlak, kommunal, qida təhlükəsizliyi, kənd təsərrüfatı, elektron ticarət, poçt, reklam, həmçinin mənşə sertifikatı, lisenziya və icazələrin verilməsi xidmətləri, 10-u isə özəl qurumlar tərəfindən göstərilən bank, lizinq, sığorta, broker, logistika, tərcümə, ştamp və möhür hazırlanması və digər xidmətlərdir. Burada xidməti ofislər, görüş və konfrans zalları da fəaliyyət göstərir. KOB evində həmçinin, müxtəlif bankların ATM-lərindən, ödəmə terminallarının xidmətlərindən də istifadə etmək mümkündür.

Gələcəkdə sahibkarlardan daxil olan müraciət və təkliflər nəzərə alınmaqla Xaçmaz KOB evində göstərilən dövlət və biznes xidmətlərinin sayı artırıla bilər".

O qeyd edib ki, Xaçmaz KOB evində KOB İnkişaf Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur. 2020-ci ildə KOB İnkişaf Mərkəzi tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda KOB subyektləri üçün 150-dən çox təlim və netvörkinq, müxtəlif məsləhət xidmətlərinin göstərilməsi, yeni KOB subyektlərinin yaradılması nəzərdə tutulur:

"Yerigəlmişkən bu il Bakıda və ölkə regionlarında daha 3 KOB İnkişaf Mərkəzinin yaradılması planlaşdırılır.

Yaxın günlərdə KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün Biznes İnkubasiya Mərkəzi də fəaliyyətə başlayacaq. Biznes İnkubasiya Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılır. Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstəriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ötən ilin dekabr ayında inkubasiya iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib, istehsal və xidmət sahələri üzrə 35 rezident seçilib. Rezidentlər biznes inkubasiya mərkəzində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz edilmiş işçi otaqlarla təmin olunacaq və onlara mərkəzin xidmətlərindən hər cür faydalanmaq imkanı yaradılcaqdır".