Müxalifətin ictimai-siyasi sabitliyi pozmaq istiqamətində fəaliyyəti cəmiyyətdə mənfi qarşılanır – ARAŞDIRMA
5 Aprel 2011 21:34 (UTC+04:00)
Xarici maraq qruplarından maliyyələşən və konkret güclərin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən radikal müxalifətin 2 aprel tarixində həyata keçirməyi planlaşdırdığı təxribatçı aksiya baş tutmadı. Daha doğrusu, dağıdıcı müxalifətin ölkədə sabitliyi pozmaq, xaos və anarxiya yaratmaq cəhdləri və niyyətləri növbəti dəfə iflasa uğradı. Artıq hər kəsə bəllidir ki, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini xarici qərəzli dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran radikal müxalifət son zamanlar Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışırlar. Verdiyi bəyanatlarla insanları və ictimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan radikallar ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və "dayı"larının maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər. Belə bir şəraitdə beynəlxalq maraq qruplarından aldıqları qrantların "haqq"ını vermək və maliyyə axınının davamlılığını təmin etmək üçün radikal müxalifətin istinad etdiyi taktiki manevrlərdən biri də mitinq adı altında təxribatçı aksiyaların həyata keçirilməsidir. Bu aksiyalar isə qanunauyğun olaraq-gözlənildiyi kimi baş tutmur və dağıdıcı müxalifət hər dəfə rəzilliklə fiaskoya uğrayırlar. Bu da təsadüfi deyil. Çünki radikal müxalifətin sosial dayaqları, reytinqi yoxdur və onlar, demək olar ki, öz funksionallıqlarını itiriblər. Siyasi partiya adı altında fəaliyyət göstərən bu qüvvələr həqiqətdə təxribatçı-dağıdıcı təzyiq qrupu funksiyasını yerinə yetirirlər. Bu amil onların mütəmadi məğlubiyyətlərini təmin edən dəyişməz faktor kimi çıxış edir. Son olaraq radikal müxalifətin 2 aprel təxribatçı aksiyasının mütləq surətdə fiaskoya uğraması bunun bariz nümunəsidir.
2 aprel təxribatçı aksiyasının nəticələri bir daha onu göstərdi ki, radikal müxalifət Azərbaycanda xaos və antaqonist münasibətlər yaratmaq missiyası əsasında fəaliyyət göstərməkdədir. Elə bunun da məntiqi nəticəsi kimi, onlar növbəti dəfə "bumeranq" zərbəsi ilə üzləşdilər-dərin məğlubiyyətə düçar oldular...
Azərbaycanda bəzi müxalifət partiyalarının ictimai-siyasi sabitliyi pozmaq istiqamətində fəaliyyəti cəmiyyətimizdə mənfi qarşılanır. Müxtəlif təbəqələrin nümayəndələri həmin dairələrin qarşıdurma yaratmaq niyyətlərini kəskin pisləyirlər. Bu mənada Azərbaycan parlamentinin üzvləri də ictimaiyyətin nümayəndələri ilə həmrəydirlər.
Məsələyə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, hər bir dövlət öz qanunları ilə idarə olunur. Onun sözlərinə görə, Azərbaycan dövləti də sivil və demokratik qanunlar əsasında idarə olunur və inkişaf edir: "Biz hüquqi dövlətdə yaşayırıq və hüquqi dövlətin ən vacib məsələsi qanunun aliliyi prinsipidir. Hüquqsuzluq, cəzasızlıq, qanunsuzluq mühiti yolverilməzdir. Ona görə də, hansısa qüvvə qanunları pozmaqla öz məqsədlərinə çatmaq istəyirsə, belə halların qarşısını almaq dövlətin vəzifəsidir". Komitə sədri qeyd edib ki, insan hüquq və azadlıqlarının təmin olunması dövlətimiz üçün prioritet məsələdir. Azərbaycan Konstitusiyasında olan müddəalar bu hüquqları təmin edir. Bununla belə, R.Aslanova hesab edir ki, bəzi qüvvələr sərbəst toplaşmaq azadlığını bəhanə edərək ölkə qanunlarını, ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. "Bu məsələ "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla tənzimlənir. Bir müddət öncə həmin qanuna əlavə və dəyişikliklər edərək demokratikləşmə yolunda, insan hüquqlarının daha da gücləndirilməsi istiqamətində addımlar atılıb. Azərbaycan vətəndaşlarının birləşmək, fikirlərini sərbəst şəkildə ifadə etmək azadlığı var. Burada heç bir problem yoxdur. Amma vətəndaşlar toplaşıb hansısa fikri, ideyanı gerçəkləşdirmək üçün bir araya gəlmək istəyirsə, bu, qanun çərçivəsində reallaşır. Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı mitinqlər keçirmək üçün yerlər ayırıb. Əks halda, bundan kənar hərəkətlər etmək doğru deyil. Kütləvi aksiya keçirmək istəyənlər həmin yerlərdən birini seçib orada istədiyi fikirləri, şüarları səsləndirə bilərlər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur" - deyə, R.Aslanova bildirib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib ki, "İctimai palata" deyilən qurum bəzi ərəb dövlətlərində baş verən hadisələrin ölkəmizdə də baş verməsini istəyir. Onun sözlərinə görə, qarşıdurma yaratmaq cəhdləri də bu məqsədə xidmət edir. Millət vəkili hesab edir ki, müxalifət partiyaları tam yanlış mövqedədirlər, çünki Azərbaycanda eyni hadisələrin təkrarlanması üçün heç bir siyasi-sosial zəmin yoxdur. "Müxalifətin radikal qanadı üçün bir meyar var ki, Azərbaycan üçün pis olan hadisələr onlara yaxşıdır və yaxud əksinə. Onların mövqeyi nə elmə, nə reallığa, nə tarixi təcrübəyə əsaslanır" deyən M.Quliyevin sözlərinə görə, Azərbaycanla ərəb dövlətlərinin müqayisə olunan hər hansı cəhətləri yoxdur. Digər tərəfdən, inqilab o zaman baş verir ki, kəskin ziddiyyətlər yaransın, vəziyyət kritik olsun. Bu isə avtoritar rejimlərə xas olan məsələdir. Millət vəkili qeyd edib ki, demokratik cəmiyyətlərdə inqilab baş vermir: "Demokratik cəmiyyətlərdə islahatlar həyata keçirilir, seçki yolu ilə hakimiyyət müəyyənləşir, ictimai rəy öyrənilərək ona uyğun addımlar atılır. 1993-cü ildə Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra hüquqi-demokratik dövlət quruculuğu istiqamətində ciddi addımlar atıldı, dövlətin hüquqi əsasları yaradıldı, 1995-ci ildə ilk milli Konstitusiya qəbul edildi. O dövrdən Azərbaycan demokratik, hüquqi dövlət kimi inkişaf etməkdədir. Dünya birliyi tərəfindən də, Azərbaycan demokratik dövlət kimi qəbul olunur. Demokratiyanın nə qədər xalqın ictimai həyatına daxil olduğunu təkcə biz görmürük, beynəlxalq ictimaiyyət də görür. Hər bir ölkədə partiyaların vəziyyəti, xalqın bu partiyalara münasibəti seçkilərdə özünü göstərir. Seçkilərdə xalq kimə dəstək verirsə, demək həmin siyasi kursu bəyəndiyini elan edir. Azərbaycanda 2008-ci ilin prezident seçkilərində cənab İlham Əliyev yüksək göstərici ilə qalib gəldi. 2009-cu ildə bələdiyyə, 2010-cu ildə parlament seçkilərində də Yeni Azərbaycan Partiyası böyük üstünlüklə qələbə qazandı. Yəni, xalqın iradəsi budur".
M.Quliyev bildirib ki, hazırda ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir: "Belə ki, əməkhaqları, pensiya və müavinətlərin artımı davamlıdır. Azərbaycanda dövlət büdcəsinin gəlirləri, ÜDM hər il artmaqdadır. Əhalinin sosial müdafiəsi ilbəil güclənir, gəlirləri davamlı şəkildə artır. İki ildir ki, inflyasiya birrəqəmlidir. Bir sözlə, Azərbaycanda sosial dövlət qurulub, əhalinin sosial müdafiəsi tam təmin olunub. Belə bir halda da xalq öz hakimiyyətindən, siyasi azadlığından, sosial-iqtisadi təminatından razıdır. Ona görə də, müxalifətin cəhdləri heç bir nəticə verməyəcək. Əslində, aprelin 2-də baş verən hadisələr müxaliflərin xalqdan, milli maraqlardan nə qədər uzaq olduğunu bir daha təsdiqlədi. Belə olan halda, onlar cəmiyyətdən heç bir dəstək qazanmayacaq". M.Quliyevin fikrincə, radikal müxalifət, sadəcə, bu mövqeyi ilə xarici qüvvələrin sifarişini yerinə yetirir. Onun sözlərinə görə, bu düşərgənin heç bir ictimai dayağa malik olmaması ötən şənbə günü bir daha təsdiqlənib.
Millət vəkili Yevda Abramov isə bildirib ki, bəzi beynəlxalq təşkilatların aprelin 2-də müxalifətin qanunsuz aksiyası zamanı baş verən hadisələrlə bağlı bəyanatı obyektivlikdən uzaqdır. Onun sözlərinə görə, həmin təşkilatlar bilirlər ki, bütün dünyada, o cümlədən, inkişaf etmiş ölkələrdə bu cür qanunsuz hərəkətlərin qarşısı alınır. Y.Abramov əlavə edib ki, Konstitutsiyanın tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı Bakının 11 rayonunun hər birində kütləvi aksiyalar keçirmək üçün yerlər ayırıb. Onun sözlərinə görə, istənilən təşkilat həmin yerlərdə sərbəst şəkildə öz tədbirini keçirə bilər. "Amma bəzi dairələrin bilərəkdən qanunu pozaraq iğtişaş törətmək cəhdləri onların hansısa xarici qüvvələr tərəfindən idarə olunduğunu göstərir. Əks halda, bu hərəkəti etməzdilər. Nəzərə almaq lazımdır ki, bu barədə hüquq-mühafizə orqanlarının rəhbərləri məsələ ilə qarşı tərəfə müraciət etmişdilər. Onlar bəyan etdilər ki, qanunsuz hərəkətlərə görə məsuliyyət müxalifət tərəfinin üzərinə düşür. Belə olan halda, müxaliflərin bilərəkdən qarşıdurmaya getməsinin məqsədli olması aydın şəkildə görünür" - deyə, Y.Abramov qeyd edib. Komitə sədrinin müavini bildirib ki, həmin hadisələrlə bağlı "Amnesty İnternational" təşkilatının bəyanatı reallığı əks etdirmir. Onun sözlərinə görə, həmin təşkilatın Azərbaycan haqqında qərəzli mövqe nümayiş etdirməsi dəfələrlə baş verib.
Ana Vətən Partiyasının (AVP) sədr müavini, millət vəkili Zahid Oruc Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəm təməllər üzərində qurulduğunu bildirib. Onun sözlərinə görə, bütün hallarda müxalifətin niyyətləri real görünmür. "Özlərini müxalifət kimi qələmə verən bəzi radikal qüvvələr gündəmdə qalmaq üçün yenidən ənənəvi "metod"lara əl atmağa başlayıblar. Sivil qaydada siyasi mübarizə apara bilməyən, hətta, müxalifətçilik fəlsəfəsindən bixəbər olan Müsavat və AXCP kimi partiyalar siyasi səhnədə yox səviyyəsindədir" deyən millət vəkilinin sözlərinə görə, cəmiyyətimizin radikallara dəstək verməməsini sübut edən hadisələrdən biri də ötən həftə təsdiqləndi. O qeyd edib ki, dərnək səviyyəsində olan partiyalar bir daha Azərbaycan cəmiyyəti tərəfindən çıxdaş edildiklərini gördülər: "Mitinq keçirməklə, yalnız şəxsi məqsədlərini reallaşdırmağa çalışan müxaliflər, bu dəfə də dövlətçiliyə qarşı çıxacaq tərəfdarlar qazana bilmədilər".