"Prezidentin bu fikirləri Azərbaycanı dünyanın gözündə bir daha qaldırdı" ÖZƏL-MÜNASİBƏT

18 Fevral 2020 10:59 (UTC+04:00)

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanı faktlarla, dəlillərlə əzib keçməsi tarixə düşəcək bir hadisə idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalından sonra Azərbaycan və Ermənistan liderləri ilk dəfə idi ki, beynəlxalq ictimaiyyət qarşısında öz mövqelərini ortaya qoydular: "Əvvəlki Ermənistanın rəhbərləri – Koçaryan, Sarkisyan beynəlxalq ictimaiyyətin qınayacağını və ortaya hər hansı bir arqument qoya bilməyəcəyini bildikləri halda görüşdən qaçırdılar. Paşinyana elə gəldi ki, o Yerevandakı tərəfdarlarının iştirak etdiyi mitinqdədir və beynəlxalq ekspertləri asanlıqla aldada biləcək. Amma o anlamadı ki, bu həqiqətlə yalan arasında gedən bir polemikadır. Azərbaycan tarixi həqiqətlərə, beynəxalq hüquqa söykənən, özünün müstəqilliyini və ərazi bütövlüyünü qorumağa haqqı olan bir tərəf kimi çıxış etdi. Paşinyanın səsləndirdiyi fikirləri isə heç kim ciddi qəbul edilmədi. Hətta Ermənistanda bu gün Paşinyan ciddi tənqidlərə məruz qalıb. Amma qeyd edim ki, onu tənqid edənlərin özləri belə Paşinyanın kreslosunda oturub Ermənistanın işğalçılıq siyasətini müdafiə edə bilməyiblər. Bir daha göründü ki, bugünkü dünya işğalı, təcavüzü, yalanı, oğurluğu birmənalı şəkildə istisna edir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan, qoşunlarını işğal edilmiş torpaqlardan çıxarmaqdan başqa heç bir yolu yoxdur. Hesab edirəm ki, cənab Prezidentin səsləndirdiyi fikirlər, onun polemika aparmaq mədəniyyəti Azərbaycanı dünyanın gözündə bir daha qaldırdı. Azərbaycan bir daha öz hüquqlarını ən yüksək səviyyədə, istənilən müstəvidə, vəziyyətdə qorumağa haqqı çatdığını və bunu etmək əzmində olduğunu ortaya qoydu”.