Xocalı qətliamına aparan yol: gerçək tarixin xronoloji təhlili

17 Fevral 2020 15:48 (UTC+04:00)

SSRİ dağılmışdı. Bütün müttəfiq respublikalar beynəlxalq birliyin subyektinə çevrilmişdi. Moskvanın erməni lobbisinin də hərtərəfli dəstəyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirmək cəhdi Azərbaycan xalqının möhtəşəm dirənişi nəticəsində baş tutmamışdı. Bu qədim Azərbaycan torpağı beynəlxaq birliklər, o cümlədən BMT tərəfindən Azərbaycan Respublikasının ərazisi olaraq tanınmışdı. Təbii ki,bütün çabalarına rəğmən həm Kremlin, həm də erməni lobbisinin istəklərinə nail ola bilməmələri onları daha da hiddətləndirmişdi. Çünki məhz ermənilərin istəklərinin reallaşması Azərbaycan tərəfinin ata-baba yurdlarının əldən çıxması ilə barışmayacağı, münaqişənin uzun müddət davam edəcəyi, davam edən münaqişədən isə Moskvanın öz geosiyasi maraqları üçün istifadə edəcəyi anlamına gəlirdi. İlkin planın baş tutmadığı təqdirdə Kreml yeni planını işə saldı. Bir məqamı xüsusi qeyd etməyi vacib hesab edirəm.

Dağlıq Qarabağda yaşayan ermənilərin mütləq əksəriyyəti bu qarşıdurmanın birbaşa Moskvadan idarə olunduğunu anlayır və onun genişlənməsinin qarşısını almağa cəhd göstərirdilər. Məsələn, beş erməni kəndini birləşdirən Naxçıvanik sovetliyinin əhalisi, hər kənddən bir nümayəndənin və kənd sovetinin Hamlet adlı sədrinin, eləcə də onun katibinin imzası və sovetliyin möhürü ilə təsdiq edilmiş məktub hazırlayıb oktyabr ayının 24-də xüsusi yolla bizə göndərmişdilər. Məktubda Azərbaycan hökumətindən erməni kəndlərində məskən salan quldur dəstələrinin çıxarılmasına kömək etmələri xahiş olunur və Azərbaycan Bayrağının kənddə qaldırılmasına, Azərbaycan qanunlarına əməl etməyə hazır olduqları vurğulanırdı. O zaman AXC Ağdam şöbəsinin sədri, millət vəkili Eldar Bağırovla birlikdə məktubu Bakıya gətirdik. Məktubla bağlı Əbülfəz Elçibəylə və Ağdamdan seçilmiş digər millət vəkili Tamerlan Qarayevlə söhbət etdik. Hər ikisi bu məsələni çox gizli saxlamağı tövsiyə edərək, bunun birbaşa Kremlin siyasətinin pozulması olduğunu qeyd etdilər.

Ali Sovetin sessiyasında, oktyabr ayının 28-də Eldar Bağırov o zaman iç üzü hələ açılmayan, ustalıqla maskalanan Rəhim Qazıyevlə də məktub barədə söhbət etmiş və iki surətdən ibarət olan həmin məktubun bir surətini ona vermişdi. İki gün sonra Eldar Bağırov Bakıda qətlə yetirildi, “morq”da cibindən bütün sənədləri götürüldü, lakin cibində qalan həmin məktubun surəti tapılmadı. Sonralar, 1992-ci ilin iyun ayında Naxçıvanik və digər dörd kənd quldurlardan təmizləndiyi zaman, həmin kənddən əsir alınmış yerli ermənilərin dediklərinə görə, noyabr ayının əvvəlində məktuba imza atmış yeddi nəfərin hamısı erməni quldurları tərəfindən kəndin ortasında güllələnib. Bütün bu və digər faktlar bizdən tələb edirdi ki, Kremlin bu məkrli, qeyri-insani siyasətinin ayaq açıb yeriməməsi üçün daha ağıllı taktika seçək. Ancaq məhz içimizə salınaraq, özlərini vətən və millət fədaisi kimi göstərən, əslində imperiya siyasətinin reallaşmasına xidmət edən qüvvələr belə taktika seçilməsinə var gücləri ilə mane olurdular. Noyabr ayında AXC Ali Məclisində Dağlıq Qarabağın azərbaycanlı yaşayış məntəqələrinin Ağdam və Şuşa rayon təşkilatlarından ayrılması haqqında qərarı da, həmin rayon və kəndlərin de-fakto hərakatçı qüvvələrdən ayrı salınması da, şübhə yoxdu ki, həmin məkrli siyasətə xidmətin tərkib hissəsi idi. Beləliklə, Qarabağın bütün yaşayış məntəqələri, Azərbaycanda o zaman ən real qüvvə olan AXC-dən ayrıldılar, nəticədə köməksiz vəziyyətdə qaldılar.Həmçinin Dağlıq Qarabağda fəaliyyət göstərən Azərbaycan hökumətinin Təşkilat Komitəsinin işinin iflic vəziyyətə gətirilməsi planı da reallaşdırılırdı. Komitənin ən fəal və milli ruhlu əməkdaşı, Təşkilat Komitəsinin prokuroru, erməni separatçılarına qarşı qətiyyətli və barışmaz mübarizəsi ilə seçilən Şükür Rzayev girov götürüldü. Dərhal Qatır Məmməd təxəllüsü ilə tanınan Yaqub Rzayevin əli ilə bir neçə mühüm erməni əsir alınaraq, Şükür Rzayev xilas edildi.

Bundan sonra təhlükə ilə üz-üzə qalan Təşkilat Komitəsi Xankəndini tərk edərək Ağdama köçürüldü. Bütün bu hazırlıqlardan sonra Kremldən təlimat alan ermənilər 1991-ci il noyabrın əvvəllərindən başlayaraq ayrı-ayrı kəndlərə silahlı hücumlara başladılar. Vəziyyəti yerində araşdırmaq məqsədilə bölgəyə səfər edən Azərbaycan Respublikasının yüksək rütbəli dövlət məmurlarının və Dağlıq Qarabağ hadisələrində daim ədalətli mövqe tutan, prokuror Şükür Rzayevlə birgə erməni separatçılarının qəniminə çevrilən rus əsilli general Y.Kovalyovun içərisində olduğu helikopter vuruldu və bütün helikopterdəkilər qətlə yetirildi. Belə bir zamanda respublikada, xüsusən paytaxt Bakıda milli birlik, xalqla hakimiyyət arasında etimad yaradılmalı olduğu halda, o zamankı hakimiyyətin qətiyyətsizliyindən istifadə etməyə çalışan, rəhbər heyətin əksəriyyəti Kremlin planına yardım edən AXC xalqı münaqişənin həllində birliyə səfərbər etmək əvəzinə, qarşıdurmanı gücləndirir, Qarabağda baş verən hər bir olaya görə hakimiyyəti sadəcə qınamır,xalqı onun üzərinə qaldırır,bir sözlə, hakimiyyət uğrunda savaşa cəlb edirdi.

Dekabrın sonlarında, o zaman Azərbaycan Respublikası Ali Soveti Xarici Əlaqələr Komissiyasının sədri işləyən,AXC-də “Primakov uşaqları”nın “patronu” kimi tanınan İsa Qəmbərin “Beş-altı Azərbaycan kəndini ermənilərə verək, hakimiyyəti istefaya göndərək” deyə, şəxsən məndən bu sahədə kömək istəməsi də faktdır və onun təmsil (De-fakto rəhbərlik) elədiyi qurumun niyyətindən xəbər verirdi. 1992-ci ilin yanvarından başlayaraq Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə ardı-arası kəsilməyən hücumlar başladı. Köməksiz qalan yerli əhali təpədən dırnağa silahlanmış erməni quldurları və Sovet Ordusunun 366-cı polkunun hücumlarına mətanətlə sinə gərsələr də, qeyri-bərabər qüvvələr savaşında məğlub olaraq geri çəkilməli olurdular. Beləcə ard-arda Kərkicahan, Meşəli, Cəmilli, Malıbəyli, Quşçular, Qaradağlı, Xocavənd kəndləri işğal olundu. Malbəyli və Quşçular kənlərindən Ağdamın könüllüləri Abdal-Gülablı meşələrinin içi ilə insanları təxliyə etmələri bu kəndlərdə qırğının miqyasını azaltsa da, Qaradağlı kəndinə bu dəstək mümkün olmadı və Xocalıdan əvvəl həmin kənddə sözün tam mənasında qətliam törədildi. Beləliklə, Əsgəranla Xankənd arasında yeganə azərbaycanlı yaşayış məntəqəsi kimi Xocalı uzun müddət özünü qoruya bildi. Ancaq hadisələrin içində olan hər kəs bilirdi ki, ermənilər bu şəhərə xüsusi plan hazırlayırlar. Bunun da üç başlıca səbəbi var idi. Birinci səbəb Xocalı kəndinin qədim tarixə malik olması, bu yerlərin qədim türk məskənləri olduğunu sübut edən saysız-hesabsız tarixi abidələrin, o cümlədən Xocalı-Gədəbəy mədəniyyət nümunələrinin mövcudluğu idi ki, ermənilər hər zaman belə yaşayış məskənlərinə qarşı daha amansız olmuşlar. İkinci səbəb, 1988-ci ilin sentyabrında bu şəhərə hücum edən ermənilərin xeyli sayda itki verərək geri çəkilməyə məcbur edilmələri idi ki, bu fakt onları Xocalıya və xocalılara qarşı daha da aqressivləşdirmişdi. Nəhayət üçüncü səbəb isə, Dağlıq Qarabağda yeganə aeroportun Xocalıda yerləşməsi idi ki, bu da ermənilərin Yerevan və Moskva ilə əlaqələrində mühüm əhəmiyyətli strateji maraq idi. Artıq bölgədə qalan yeganə azərbaycanlı yaşayış məntəqəsi olan şəhər gecə-gündüz artilleriya silahları ilə atəş altında saxlanılırdı. Bakıda başı hakimiyyət uğrunda savaşa qarışan həm iqtidar, həm də AXC rəhbərləri isə hər gün yalançı vədlər verir,əhaliyə kömək göndəriləcəyini deyir, ancaq heç bir yardım edilmirdi. Nəhayət Ağdamdakı könüllü müdafiə batalyonları bir araya gələrək, Xocalıda xilas üçün əməliyyat keçirməyi planlaşdırdılar.

Fevralın 23-də keçirilməsi nəzərdə tutulan həmin əməliyyat da, o zaman Müdafiə Nazirliyinin nümayəndəsi kimi Ağdamda olan Fəhmin Hacıyev tərəfindən dayandırıldı. AXC yetkililərindən olan F.Hacıyevin sonradan bu əməliyyat planının dayandırılması əmrinin Bakıdan, konkret olaraq yenicə müdafiə naziri təyin edilmiş Tahir Əliyevdən gəldiyini desə də, bu faktın hələ də dəqiq araşdırılmaması da bir sıra məqamlardan xəbər verir. Xüsusilə, Gəncə dəmiryol idarəsi ilə birgə təxminən 20 kilometrlik trosla qatarı Ağdamdan Xocalıya göndərib, dinc əhalini çıxarmaq planının da pozulması, içimizdən Xocalıda daha böyük qırğın olmasında maraqlı qüvvələrin olduğunu deməyə tam əsas verir. Bəzi oxucular məni qınaya bilər. Biz bəzən tariximizin ayrı-ayrı məqamlarında içimizdəki düşmən dəyirmanına su tökən qüvvələrin varlığından vaz keçir, bunu düşmən əlinə fakt vermək kimi dəyərləndiririk. Nəzərə almırıq ki, əksər məğlubiyyətlərimizin başlıca səbəblərindən biri məhz içimizdə belə qüvvələrin olması, onların bilərəkdən,ya bilməyərəkdən yanlışlıqları, nəticədə ümummilli bəlalara səbəb olur ki, bunları da deməmək və gələcəkdə belə yanlışlıqların qaşısını almaq kimi mühüm borcumuzu yerinə yetirməməklə növbəti yanlış addım atmış oluruq.

Ancaq mən real həqiqətlərə istinad edir və çıxardığım nəticə də ondan ibarətdir ki, Moskvadan təlimat alan bəzi qüvvələr və onların bu “ajan”lığından xəbərsiz olub, onlara inanan və ardınca kor-koranə irəliləyən sadə insanlar faciənin bu qədər dəhşətli olmasının qarşısının alınmasına da mane oldular ki, bu da nəticə etibarilə Azərbaycan xalqının gözünü qırmaq, xalqı təslimçiliyə sövq etmək kimi məkrli düşmən niyyətinin başlıca amili idi və etiraf edək ki, buna da müvəqqəti olsa belə nail oldular. Xocalı qətliamıilə bağlı ətraflı yazıb vaxt almağa lüzum görmürəm. Çünki faciə haqqında, onu törədənlər, onun miqyası, insan ağlına sığmayan vəhşət doğuran məqamları barədə kifayət qədər yazılıb və deyilib. Bu yazılanların və deyilənlərin cəmiyyət daxilində təkrarlanmasından daha çox, bu gün bütün bunları dünya ictimaiyyətinə çatdırmağa daha çox ehtiyac var ki, son illər həm dövlət və hakimiyyət qurumlarının, həm Heydər Əliyev Fondunun, həm də dövlətin bu sahədəki məqsədyönlü siyasətinə dəstək verən vətəndaş cəmiyyətinin genişmiqyaslı fəaliyyəti bunun üçün zəmin yaratmışdır.

XOCALI QƏTLİAMI bəşər tarixinin ən qanlı, insanlıq normalarına sığmayan elə bir faciəsidir ki, bunu təkcə Azərbaycan xalqının faciəsi kimi qəbul etmək doğru deyil. Bu, ümumən insanlığın faciəsidir, bu, bütün dünyanın faciəsidir və məsələyə də bu konteksdən yanaşmaq, onu bəşəri faciə kimi dünyaya tanıtmaq gərəkdir. Bu faciənin törədilməsinin səbəbləri sırasında erməni faşist düşüncəsi ilə rus imperialist siyasi təfəkkürünün başlıca rol oynaması isə danılmaz həqiqətdir. Məhz yazımı bu konteksdən yazmağımda da məqsəd ölkə vətəndaşlarını, xüsusilə gənc nəsli həqiqətlərə söykənin tarixi gerçəkliklə mənən silahlandırmaq, gələcək dövlətçilik fəaliyyətimizdə yanlışlıqlardan mühafizə olunmalarına yardımçı olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinin və BDU-nun yubiley tədbirlərində vurğuladığı kimi, tarix hər zaman təkrarlanır. Təkrarlanan tariximizdə ötən hadisələrdə zərərimizin əsl səbəblərini doğru-düzgün bilmədən, yanlışlıqlarımızın gətirmiş olduğu ümummilli bəlalarımız haqqında müfəssəl məlumata malik olmadan, onların yenidən təkrarlanması təhlükəsi qaçılmazdır. Düşmən məlumdusa, ondan qorxmağa dəyməz. Qorxulu düşmən özünü sənə dost göstərib, arxadan zərbə vurmağı planlaşdırandır. Bunu atalarımız belə buyurub. Əlavə etməyə ehtiyac görürəm ki, ən qorxulusu isə, sənin qardaşın olub, gizlində düşmənlə əlbir olandır. Çünki onun sənə düşmənçilik edəcəyi ağlına gəlmir, reallıqda isə bunu edir və...

Təhmasib Novruzov

1989-92-ci illərdə AXC ali məclisinin üzvü, “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri