Xocavənd rayonunun Qaradağlı kəndinin işğalından 28 il ötür

17 Fevral 2020 16:58 (UTC+04:00)

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin mühüm yaşayış məntəqələrindən olan Xocavənd rayonunun Qaradağlı kəndinin erməni silahlı dəstələri tərəfindən işğal edilməsindən 28 il ötür.

Qaradağlı kəndinin işğalı Xocalı qətliamına qədər Azərbaycanın yaşadığı ən faciəli hadisə, erməni işğalçı dəstələrinin törətdiyi müdhiş bir qırğın idi. Ermənilər Xocalı soyqırımına son "hazırlığı", həmin qətliamın "baş məşqini", məhz Qaradağlı kəndində keçmişdilər. 28 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.

Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başladı. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxdı, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub. Erməni hərbi birləşmələri həmin dövrdə Xankəndidə yerləşən keçmiş SSRİ Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq, azərbaycanlılar yaşayan Qaradağlı kəndinə hücuma başlamışdılar. İki gün çəkən ağır döyüşdən sonra yaraqlı ermənilər fevralın 17-də kəndi işğal ediblər. İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub.

Kənddə olan 104 nəfər sakindən 54-ü, 14 nəfər əsgərdən 12-si əzab və işgəncələrlə öldürüb, insanlar diri-diri torpağa basdırılıb. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. 2 ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib, 140-a yaxın uşaq yetim qalıb. Kəndin Bəylik bağı adlanan ərazisində 23 sakin erməni cəlladları tərəfindən güllələndi, əksəriyyəti yaralı halda diri-diri silos quyusunda basdırıldı. İşğal nəticəsində Qaradağlı kəndində 200 ev, 1 mədəniyyət evi, 320 şagird yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdıldı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşdü.

Göründüyü kimi, həmişə işğalçılıqları ilə tarixə düşən erməni quldurlarının Qaradağlıda törətdikləri faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayətdir.

Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də, Dağlıq Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar, hələ də Ermənistan Respublikası tərəfindən yerinə yetirilmir.

Xocavəndli məcburi köçkünlər 28 ildir ki, köçkünlük həyatı yaşasalar da, doğma yurdlarına qayıdacaqlarına inanır, bu günü səbirsizliklə gözləyirlər. Xocavəndlilər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı siyasətini dəstəkləyir, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa və ön cərgələrdə döyüşməyə hazırdırlar.

ZÜMRÜD BAYRAMOVA