Hədəf 2025: Kiçik və orta biznesdə innovasiya! EKSKLÜZİV

17 Fevral 2020 15:38 (UTC+04:00)

"Hədəfimiz 2025-ci ildən sonrakı dövrdə mikro, kiçik və orta biznes subyektlərinin payını Ümumi Daxili Məhsulda 60%-a, məşğulluqda 70%-ə, ixracatda isə 40%-ə çatdırmaqdır". Bunu SİA-ya açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mətbuat katibi Vüsalə Quliyeva KOBİA-nın ölkədəki fəaliyyətini şərh edərkən bildirib.

O, qeyd edib ki, agentliyin əsas məqsədi mikro, kiçik və orta biznesin inkişafına dəstək olmaq, ölkə iqtisadiyyatında KOB subyektlərinin rolunun artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsidir:

"KOBİA tərəfindən sahibkarlara informasiya, məsləhət, əlaqələndirmə, təlim-tədris, maarifləndirmə, maraqların müdafiəsi, bazarlara çıxışın genişləndirilməsi və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Bu dəstək və xidmətlər ölkə regionları üzrə KOB dostu şəbəkəsi vasitəsilə həyata keçirilir.

Agentlik öz missiyasını 5 əsas istiqamət üzrə reallaşdırır.

Birinci: Biznes mühitinin yaxşılaşdırılmasında iştirak.

KOBİA ölkədə əlverişli biznes mühitinin yaradılması və investisiya cəlbediciliyinin artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi prosesində iştirak edir, bu istiqamətdə təkliflər verir.

İkinci: Biznesə dövlət xidmətlərinin yaxşılaşdırılması və KOB maraqlarının müdafiəsi.

KOBİA biznesə dövlət xidmətlərinin yaxşılaşdırılması, əhatə dairəsinin genişləndirilməsi, bu xidmətlərə asan və rahat çıxışın təmin olunması prosesində yaxından iştirak edir, KOB evində sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsini təşkil edir, KOB maraqlarını müdafiə edir.

Üçüncü. Bilik və innovasiyalara çıxışın yaxşılaşdırılması.

KOBİA sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə treninq və digər tədbirlər keçirir, beynəlxalq təcrübədən faydalanmaları üçün xarici ölkələrə təlim və təcrübə səfərlərini təşkil edir, innovasiyaların tətbiqini təşviq edir və dəstək göstərir.

Dördüncü: Bazarlara çıxışın yaxşılaşdırılması.

KOBİA sahibkarların məhsul və xidmətlərinin yerli və xarici bazarlara çıxışına dəstək göstərməklə KOB-ların qeyri-neft ixracında payının artırılmasına, “Made in Azerbaijan” brendinin təşviqinə dəstək olur.

Beşinci: Maliyyəyə çıxışın yaxşılaşdırılması.

KOBİA dövlətin mövcud maliyyələşdirmə mexanizmləri və onlara çıxışla bağlı sahibkarları məlumatlandırır, yeni maliyyə mənbələrinin formalaşdırılması üçün tədbirlər görür".

Vüsalə Quliyeva KOBİA-nın 2019-cu ildəki fəaliyyəti haqqında geniş məlumat verib:

"KOBİA tərəfindən 2019-cu ildə tənzimləmə, təşviq, maraqların müdafiəsi, maarifləndirmə və yeni dəstək mexazimlərinin yaradılması istiqamətində bir çox tədbirlər həyata keçirilib.

Agentliyin başlıca fəaliyyət istiqamətlərindən biri mikro, kiçik və orta sahibkarlıq sahəsində həyata keçirilən tənzimləmə prosesində iştirakdır. Ötən il bu istiqamətdə 15 normativ sənəd layihəsi hazırlanıb ki, onlardan 7-si artıq təsdiq edilib. Bu sənədlər içərisində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiqlənmiş, KOB-lar üçün daxili bazar araşdırmalarının aparılmasına çəkilən xərclərin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi mexanizmini xüsusilə vurğulamaq istərdim. Hesab edirik ki, bu mexanizm KOB-lar üçün biznesin təşviqi və onun planlaşdırılması mərhələsində əhəmiyyətli dəstəklərdəndir. Digər bir sənəd "Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri layihələrin əlaqələndirilməsi haqqında" Fərmandır. Sənəd sahibkarlığın dəstəklənməsi məqsədilə layihələrin səmərəli əlaqələndirilməsi baxımından əhəmiyyətlidir.

KOBİA-nın digər mühüm fəaliyyət istiqamətlərindən biri sahibkarlığın təşviqi və dəstəklənməsidir. 2019-cu ildə rəqabət qabiliyyətli istehsalın dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarının aparılması üçün Agentliyə KOB subyektlərindən 16 müraciət daxil olub ki, bunların 8-i üzrə müsbət qərar qəbul edilib və maliyyələşdirilməsi istiqamətində işlər aparılmaqdadır. Həmçinin, satış bazarlarına çıxış və tanıtım məqsədilə KOB-ların ödənişsiz əsaslarla sərgilərdə iştirakına dəstək göstərilib. Ötən il sərgilərdə iştirakına dəstək göstərilmiş 150-dən çox sahibkarın əksəriyyəti xüsusi həssas kateqoriyaları, o cümlədən əlil, qadın və gənc sahibkarları əhatə edir.

Sahibkarlara xidmət infrastrukturu səviyyəsinin yüksəldilməsi KOBİA-nın digər fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə Agentlik tərəfindən ölkənin iri şəhər və rayonlarında KOB evləri yaradılır. Artıq qeyd etdiyimiz kimi ilk KOB evi Xaçmazda fəaliyyətə başlayıb. Hazırda daha çox dövlət və biznes xidmətlərinin göstəriləcəyi Bakı KOB evinin yaradılması istiqamətində işlər aparılır.

Agentliyin fəaliyyətinin qarşıya qoyulmuş tələblər səviyyəsində təşkili yeni idarəetmə modellərinin tətbiqi ilə müşayət edilməkdədir. Bu baxımdan, dövlət başçısının "Dövlət sahibkar üçün ən yaxşı tərəfdaşdır" strateji xəttinin reallaşmasına xidmət edən Kiçik və Orta Biznesin Dostu ("KOB Dostu") şəbəkəsi yaradılıb, bu mexanizmin əhatə dairəsi və fəaliyyəti genişləndirilməkdədir. KOBİA-nın regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə sahibkar tələbləri əsasında, onlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Ötən il 10-u olmaqla, indiyədək 21 "KOB Dostu"nun fəaliyyəti təmin olunub. 2019-cu ildə "KOB Dostu" şəbəkəsi vasitəsilə 1600-ə yaxın müraciət və təklifə baxılıb, 14 ərazi vahidi üzrə sahibkarlarla 34 sahəvi görüş keçirilib.

KOBİA-ya daxil olmuş müraciətlər, habelə keçirilmiş sorğuların təhlili göstərir ki, KOB-ların bilik və bacarıqlarının artırılmasına və maarifləndirilməsinə ciddi ehtiyac vardır. Bu məqsədlə Agentlik tərəfindən müxtəlif platformalar vasitəsilə silsilə tədbirlər həyata keçirilir. Bunlardan biri də onlayn platforma üzərindən aidiyyəti dövlət qurumlarının iştirakı ilə dövlət-özəl dialoqunun yaradılmasıdır. Digər platformalar qismində müxtəlif və aktual mövzularda keçirilən təlim və seminarları, dəyirmi masaları və ixtisasartırma kurslarını qeyd etmək olar. Ümumlikdə ötən il Agentlik tərəfindən keçirilmiş 46 tədbir, o cümlədən 23 təlim, 9 onlayn maarifləndirmə tədbiri, 7 seminar və 7 dəyirmi masa üzrə 8 min sahibkarlıq subyekti ilə dialoq qurulub. 2019-cu ildə 39 sahibkarlıq subyekti Almaniyada ixtisasartırma kursu keçib".

Agentliyin mətbuat katibi Vüsalə Quliyeva bildirib ki, ötən il KOB maraqlarının müdafiəsi ilə bağlı Agentliyə 800-ə yaxın müraciət daxil olub. Bu müraciətlərin 30%-i müsbət həll olunub, 40%-nə isə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyyələr verilib:

"Beynəlxalq təcrübənin öyrənilməsi, xarici analoji qurumlarla və beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığın qurulması məqsədilə KOBİA nümayəndələri ötən il 14 ölkəyə səfər edib, müvafiq təşkilatlarla əməkdaşlıq çərçivəsini müəyyən edən 7 anlaşma memorandumu, 4 niyyət protokolu imzalanıb.

Agentlik tərəfindən "Könüllülük Proqramı" həyata keçirilməkdədir və indiyədək könüllülük fəaliyyətinə cəlb olunmuş 100-dək gəncin 3-ü KOBİA-da olmaqla, 15-i işlə təmin edilib.

Ümumiyyətlə, fəaliyyətə başlamasından ötən 2 il ərzində KOBİA-nın informasiya, məsləhət, maraqların müdafiəsi, əlaqələndirmə, təlim-tədris, bazarlara çıxış və digər dəstək və xidmətlərindən yüzlərlə sahibkar yararlanıb".

Qeyd edək ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib.