503 nəfər işsiz şəxs peşə kurslarına cəlb edilib

17 Fevral 2020 15:35 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə artıq 503 nəfər işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib. SİA xəbər verir ki, kurslarda iştirakçılara xidmət sahələri, İKT və kənd təsərrüfatı üzrə peşələr tədris olunur. Kursları uğurla başa vuran şəxslərə sonda sertifikat veriləcək və məşğulluqlarının təmini üçün işlər aparılacaq. Peşə hazırlığına cəlb edilən işsiz şəxslərə kurs keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.

Qeyd edək ki, işəgötürənlər də peşə hazırlığı kurslarının təşkilində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər. Hazırda bu istiqamətdə növbəti kurs kimi, “Binə Aqro” MMC-nin sifarişi əsasında istixana operatoru peşəsi üzrə 16 nəfərin cəlb edildiyi peşə hazırlığı kursu davam edir.

2020-ci ildə Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb olunanların sayının 40 faizdən çox artırılmaqla 5 minə çatdırılması nəzərdə tutulub.