"Paşinyan Ermənistanı biabır etdi" AÇIQLAMA

17 Fevral 2020 14:57 (UTC+04:00)

"Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan tələyə düşdüyünü açıq-aşkar nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında Qərb Universitetinin "Siyasi Elmlər" kafedrasının müdiri, politoloq Fikrət Sadıqov Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı Dağlıq Qarabağ ətrafında qurulan debatda səsləndirdiyi fikirləri şərh edərkən deyib.

O bildirib ki, bu debatda Paşinyanın necə çarəsiz qaldığı özünü biruzə verirdi: "Paşinyan bu debatda sadəcə çapalayırdı. Onun tutarlı və sübutedici arqumentlərə qarşı cavab verməsi mümkün deyildi. Prezident İlham Əliyev əsaslı faktlar və rəqəmlər ortaya qoydu. Dağlıq Qarabağ regionu ilə bağlı, Azərbaycanın işğal olunmuş 7 rayonu ilə bağlı, oradakı Ermənistanın hərbi birləşmələri ilə bağlı vəs. Bu özü-özlüyündə o demək idi ki, faktiki olaraq Paşinyan tamamilə məğlubiyyətə uğramışdı".

Fikrət Sadıqov əlavə edib ki, hazırda Ermənistan cəmiyyətində Paşinyana qarşı çox xoşagəlməz ifadələr səslənir: "Mədəniyyət xadimləri, jurnalistlər, siyasətçilər, müxalifətçi partiyalardan olan nümayəndələr Paşinyanın ünvanına xoşagəlməz fikirlər səsləndirirlər. Çünki Paşinyan faktiki olaraq Ermənistanı biabır elədi. O, ölkəni rüsvayçı vəziyyətə saldı. Bu özü-özlüyündə Paşinyanın ölkədəki reytinqini daha da aşağı saldı. Axır vaxtlar onsuz da onun reytinqi elə də yüksək deyildi. Lakin onun Münhendəki debatda çıxışı ölkəsinə siyasi cəhətdən zərbə idi. O, bu vəziyyətdən uzun müddət çıxa bilməyəcək. Artıq Ermənistanda ona qarşı narazılıqlar nümayiş olunur".