Azərbaycan Avropaya 20 milyard kubmetr qaz ixrac edəcək AÇIQLAMA

17 Fevral 2020 12:45 (UTC+04:00)

"Prezident İlham Əliyevin Münhen səfərini həm siyasi, həm iqtisadi cəhətdən kifayət qədər məsuldar səfər kimi qiymətləndirirəm. Dalıq Qarabağ məsəli ilə əlaqədar aparılan uğurlu debatla yanaşı, Azərbaycanla bağlı iqtisadi məsələlər də bu konfransda gündəmə gətirildi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı iştirakının iqtisadi perspektivlərini şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyev ilk növbədə enerji təhlükəsizliyi və enerji sərfiyyatı ilə bağlı dəyirmi masadakı müzakirələrdə iştirak edərək çıxış edib və enerji təhlükəsizliyində xüsusilə, Avropa və regionun enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın töhvəsi Prezident tərəfindən təqdim olundu: "Elə ölkələr var ki, hazırda onların neft idxalının, yəni neft istehlakının 40 faizi Azərbaycanın payına düşür. Eyni zamanda Azərbaycan yalnız neft ixracatı ilə deyil, eləcə də mavi qaz ixracatını artırmaqla regiondakı enerji təhlükəsizliyinə töhvə verməkdə olan əsas ölkələrdəndir. Xüsusilə də Cənub Qaz Dəhlizi sayəsində 7 milyard kubmetrə yaxın mavi qaz nəql edilir".

Vüqar Bayramov əlavə edib ki, Azərbaycan artıq 2020-ci ildə TAP layihəsi çərçivəsində bütün Avropaya mavi qaz nəql edəcək və bu ilkin mərhələdə Avropaya il ərzində 10 milyard kubmetr mavi qaz nəqli deməkdir, sonrakı mərhələrdə isə Azərbaycanın Avropaya nəql etdiyi mavi qazın həcmi 20 milyard kubmetrə qədər artırılacaq: "Bu baxımdan təbii ki, Azərbaycanın regional proseslərdə və xüsusilə də enerji təhlükəsizliyinin formalaşmasında rolu və bu konteksdən Azərbaycanın region üçün əhəmiyyəti Prezident tərəfindən qeyd edildi. Eyni zamanda Prezident tərəfindən bir sıra görüşlər oldu. Həmin görüşlərdə Azərbaycanın iqtisadi potensialının tədim edilməsi və xarici investisiyanın cəlb edilməsi məsələləri müzakirə olundu. Xüsusilə də bu gün aktual məsələlərdən olan alternativ enerji ilə bağlı Azərbaycanın hədəfləri gündəmə gətirildi. Həmçinin, alternativ enerji istehsalına da xarici investisiyanın cəlb edilməsi məsələsi müzakirə edilən məsələlərdəndir".

Ekspert bildirib ki, Azərbaycan 2030-cu ilədək bütövlükdə enerji istehlakının 30 faizini alternativ mənbələrdən əldə etmək niyyətindədir. O vurğulayıb ki, qeyri-neft sektoruna investisiyanın cəlb edilməsi də Prezident İlham Əliyevin səfərində müzakirə edilən məsələrdən idi:

"Bütövlükdə həm regional məsələlərin, həm Azərbaycanın iqtisadi potensialının təqdimatı fonunda xarici investisiyanın cəlb edilməsi ilə bağlı aparılan müzakirələri nəzərə alsaq, təbii ki, Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransındakı iştirakı kifayət qədər məhsuldar oldu. Bu səfər növbəti dövrlərdə, xüsusilə də Azərbaycanın qeyri-neft sektoruna yeni investisiyaların cəlb edilməsi üçün bir baza formalaşdıracaq".