Konqo Demokratik Respublikasında baş vermiş ağır avtoqəza nəticəsində 15 nəfər ölüb

17 Fevral 2020 05:13 (UTC+04:00)

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasa şəhərində baş vermiş ağır avtoqəza nəticəsində 15 nəfər ölüb, azı 40 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, bu barədə "Radio Okapi" radiostansiyası yerli Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Qəza Kinşasa Universitetinin yaxınlığında baş verib. Daşla dolu yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi digər avtomobillərə və motosikletlərə çırpılıb, bir neçə piyadanı vurub.

Radio qeyd edir ki, məlumatlar digər klinikalarda olan xəstələr istisna olmaqla verilib. "France-Presse" agentliyi mənbələrə istinadən xəbər verib ki, qəzaya səbəb yük maşınının əyləcindəki nasazlıq olub. Qəza zamanı iki mikroavtobus və üç avtomobil də daxil olmaqla, təxminən 5-6 nəqliyyat vasitəsi əzilib.