Ermənistanın baş nazirinin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı - Mülazim Pahsa

17 Fevral 2020 03:29 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölkəsini işğalçılıqda terrorçuluqda ittiham etməsi tarixi gerçəkliyi əks etdirir və bütün sülhsevər dünya tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin fikir və mülahizələri, qətiyyətli mövqeyi Ermənistan tərəfində, eləcə də erməni lobbiçiliyini idarə edənlərdə Dağlıq Qarabağla bağlı xəyal qırıqlığı yaratdı.

SİA xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin nəticəsini şərh edən Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin sədri Mülazim Pahsa söyləyib.

Ermənilərin tarixin bütün dövrlərində göstərdiyimiz dostluq və qonaqpərvərliyə qarşı xəyanətlə, düşmənçiliklə cavab verdiklərini dilə gətirən dərnək sədri deyib: “Prezident İlham Əliyev bütün dünyanın gözü qarşısında Ermənistan hökumətinin başçısını ittiham edərək sübut etdi ki, ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər, mədəni irsimizi məhv ediblər. Azərbaycan dövlət başçısının ortaya qoyduğu faktlar təkzibolunmaz idi. Qarşı tərəfin isə bu ittihamlara söyləyəcəyi fakt yox idi. Baş nazirin inkarçılıq cəhdləri onun düşdüyü vəziyyəti daha da ağırlaşdırdı. Onun uydurduğu yalanlar gülüşdoğurucu təsir bağışlayırdı. İndi söz dünya ictimaiyyətinindir. Əgər gerçəkdən də BMT və ATƏT-in Minsk Qrupu regionda sülh, sabitlik və tərəqqi, xalqların və millətlərin dinc, dostluq şəraitində yaşamağını istəyirsə yubanmadan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməlidirlər. Azərbaycan torpaqları işğaldan azad edilməli, qaçqın və məcburi köçkün azərbaycanlılar yurdlarına dönməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Əks halda baş verə biləcək bütün xoşagəlməz hadisələrə görə, təkcə işğalçı Ermənistan tərəfi yox, onun təcavüzkar siyasətinə qarşı bu və ya digər şəkildə göz yumanlar da məsuliyyət daşıyırlar”.