Mingəçevir Teatrının “Caninin etirafi” ilə Bakı şəhərinə ilk qastrolu - FOTOLAR

16 Fevral 2020 17:32 (UTC+04:00)

Qənbər Şəmşiroğlunun adı və soy adı Azərbaycan oxucularına çox yaxşı tanışdır. 30-dan artıq şeirlərindən, qəzəllərindən, poemalarından, nəsr əsərlərindən və publisist yazılarından ibarət kitabları çap olunan, el ağsaqqalı, şair, yazıçı, ictimai xadim Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəbəcər rayonunun Ağdaban kəndində məşhur el aşığı, ozan sənətinin klassiklərindən biri, Əməkdar incəsənət xadimi Dədə Şəmşirin ailəsidə dünyaya göz açıb. Elə ilk gündən laylası sözlə, sazla yoğrulub. Çünki Qənbər müəllimin babası da məşhur şair, şeirləri, qəzəlləri, qoşmaları dədə Ələsgər başda olmaqla bütün aşıqların böyük həvəslə oxuduğu Ağdabanlı Qurban olub.

Qənbər Şəmşiroğlu iki illik Ağdam Müəllimlər İnstitutunu, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Pedaqoji Universistet) və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirib. O, 30 ildən çox Kəlbəcər və Gədəbəy rayolarında bir sıra mühüm dövlət vəzifələrində böyük uğurla çalışıb. Hal-hazırda Yevlax rayonunda yaşayır.

Qənbər Şəmşiroğlu “Aşığ Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Məclisi İdarə Heyyətinin və Azərbacan Yazıçılar Birliyinin üzvüdür. O, uşaq yaşlarından atası Dədə Şəmşirdən sazın, sözün sirrini mükəmməl öyrənib və elə özü də gənc yaşlarından gözəl şeirlər, qəzəllər, qoşmalar, publisist yazılar, hekayələr, povestlər, roman yazıb. “Canının etirafı” onun roman janrında qələmə aldığı ilk ən böyük uğurudur. Onu da vurğulamaq istəyirik ki, Qənbər Şəmşiroğlu müstəqil həyata qədəm basan gündən onun taleyində və həyatında XX əsr Azərbaycan ədəbiyyatında böyük izlər buraxmış bu insanlarla - Süleyman Rəhimov, Osman Sarıvəlli, Əli Vəlyev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məməd Araz, Nəriman Həsənzadə, Hüseyn Arif, Qabil, Məmməd Aslan, Dəmir Gədəbəyli, Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Yusif və Vaqif Səmədoğlu qardaşları, Zəlimxan Yaqub, Səyavuş Sərxanlı və başqa ədəbiyyat korifeylərilə yaxın dostluq əlaqələrində olub. Belə insanlarla onun hər görüşü ədəbi fikrinin formalaşmasında, dünyagörüşünün bütövləşməsində, bir yazıçı, şair, ictimai xadim və publisist kimi yetişməsində böyük rol oynayıb. Qənbər Şəmşiroğlunu sənət dünyamızın solmaz inciləri və yuxarıda adlarını, soy admalını çəkdiyimiz qüdrətli sənətkarlarla başlayan qırılmaz, ülvi dostluq telləri möhkəmləndikcə, bu böyük şəxsiyyətin, maraqlı yazıçının, şairin, publisistin yaradıcılığında böyük dönüş yaratmış və həm nəsr, həm poeziya sahəsində gözəl töhfələr verməklə, ədəbiyyat tariximizdə qalan sanballı nümunələr yaratmışdır.

Bütün bu yaradıcılığı ilə birlikdə Qənbər Şəmşiroğlunun gündəliklərindən ibarət yazıb ərsəyə gətirdiyi və çap etdirdiyi iki cildlik “Kəlbəcər: ömrüm, həyatım” kitabı da Azəbaycan ictimai mühitinin, ədəbiyyatının XX əsr və XXI əsrin əvvəllərilə bağlı böyük tədqiqat işidir. Həm də çox oxunaqlıdır. Çünki Qənbər Şəmşirolu bu iki cidlik kitabında hər bir faktı, hadisəni gözəl ədəbi dillə oxuculara çatdırır.

Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanı kimi, “Bir gözəlin taleyi”, “Bütövləşmək istədim”, “Adam kimi ölməyib”, “Qızlardan muğayat olun” povestləri də maraqlı dialoqlar, yüksək dramatik epizodlarla yazıldığına və buradakı iştirakçıların çoxu obrazlar səviyyəsinə yüksəldiyinə görə onların hamısını səhnələşdirib teatrda tamaşaya qoymaq olar. Bu əsərlər əsasında ssenarilər yazıb, kinofilmlər və seriallar da çəkmək olar. Hər biri də tamaşaçılar tərəfindən maraqla qarşılanar.

Hamımız bilirik ki, Kəlbəcərdə tarixlər boyu maraqlı şairlər, qəzəlxanlar, yazıçılar çox olub. Amma peşəkar dramaturq olmayıb. Yaşadığı mənalı həyatında da Qənbər Şəmşiroğlu həmişə çalışıb ki, birinci olsun. O, ilk pyesi olan “Caninin etirafı” ilə də Kəlbəcər rayonunun ilk peşəkar dramaturqu kimi tarixə düşdü.

Əməkdar incəsənət xadimi, yazıçı-rejissor Ağalar İdrisoğlunun Mingəçevir Dövlət Dram Teatrında quruluş verdiyi Qənbər Şəmşiroğlunun “Caninin etirafı” iki hissəli faciə-məhəbbət odası Mingəçevir və qonşu rayonların tamaşaçıları tərəfindən maraqla baxılan tamaşalardan biridir. “Caninin etirafı” romanını müəlliflə birlikdə, şair-jurnalist Nəriman Ocaqlı və yazıçı-dramaturq Ağalar İdrisoğlu səhnələşdiriblər.

Bu pyes 1988-1993-cü illərdə respublikamızda baş verən xaos, vətəndaş qırğınına hazırlıq, torpaqlarımızın erməni gavurları tərəfindən necə işğal olunmasına, kreslo uğrunda gedən davaya, savadsız, sərişrəsiz, özündən müştəbeh adamların hakimiyyətə gəlməsinə, rüşvətin tuğyan etdiyi vaxtlara və buna görə bəzi rəhbər vəzifəli adamların hətta cinayətə belə əl atmasına həsr olunub. Çox kəskin, dramatik süjetli bu pyesdə, qırmızı xəttlə nakam məhəbbət mötivləri də maraqlı böyalarla göstərilir. Qızlarımızın səbirsiz olması, öz məhəbbəti uğrunda vuruşmaması və kənar fitfalara uyub özlərini məhv etməsi də pyesdə dramaturq tərəfindən ustalqla işlənilib.

Pyesdə hadisələr Çıraqlı rayonunda yeni, dörd mərtəbəli xəstəxananın tikilişinin sona yetdiyi hadisə ilə başlayır. Bu rayonda ilk dəfədir ki, belə böyük sosial obyek tikilir. Həm də işsizliyin tuğyan etdiyi rayonda 280 nəfərlik iş yerinin açılması da böyük hadisədir. Rayon rəhbərliyi və bu rayonun kuratoru olan yüksək rütbəli adamların da məqsədi həmin 280 nəfərin hər birindən pul alıb, işə götürməkdir. Bunu da xəstəxananın baş həkimi Nadirin vasitəsilə reallaşdırmaq istəyirlər. Amma bu xəstəxana dövlətin büdcəsi hesabına tikildiyinə görə Səhiyyə Nazirliyindən də Nadir həkimə qəti tapşırılıb ki, bütün içilər təmənnasız işə qəbul olunmalı və burada yalnız öz işinin mütəxəssisi olan həkimlər və tibb bacıları işləməlidir. Çünki bu xəstəxana təkcə Çlraqlı camaatına yox, qonşuluqda olan bütün rayonlara da tibbi xidmət göstərməklə, bir növ Regional Diaqnostika Mərkəzi olacaq. Nadir həkim də Səhiyyə Nazirlyinin qorxusundan adamları işə götürəndə pul ala bilmədiyinə görə ona hücumlar çox olur. Bu hücumların qarşısını həmin binanın memarı və binanı tikən inşaat dəstəsinin rəhbəri Aqil Əlizadə Bakıdakı yaxın qohumlarının vasitəsilə dəf etməyə çalışır. Bunu görən Qəmişli, Tarixzadə, İba və başqa çirkin əməlli adamlar cinayətə əl atıb, Nadiri qətlə yütirirlər və bu cinayəti də Aqil Əlizadənin boynuna qoyub, onu 14 il azadlıqdan məhrum etdirirlər.

Bu vaxt xalqın istəyi və təkidilə ulu öndər Heydər Əliyev hakimyyətə gəlir və belə çikin əməllərlə rayonlara rəhbərlik edənləri vəzifələrindən uzaqlaşdırır. Çıraqlı rayonuna rəhbərlik edənlər və bu raynun güc strukturları haqqında da cinayət işi qaldırılır. Bu vaxt Nadiri qətlə yetirənlərdən biri, arvadını, onun oynaşını öldürərək ömürlük həbs olunan Əngəl Əvəzin vicdanı dilə gəlir. O, başa düşür ki, heç bir cinayəti olmayan Aqil Əlizadənin həbs olunmasının əsl günahkarlarından biri o özdür. Məhz buna görə məktub yazıb Respublikanın Baş prokuroruna və Respublika Cinayət Axtarışları İdarəsinə göndərir. Bundan sonra həmin dəhşətli hadisə bir də yoxlanılır. Məlum olur ki, Aqil Əlizadənin heç bir günahı yoxdur. Nadiri Əngəl Əvəz, İbo və onun yaxın qohumu qətlə yetiriblər. Beləliklə, Aqil Əlizadə iki il altı aydan sonra azad olunur və əsl cinayətkarlar cəzalanır. Aqil Əlizadə həbs olunan vaxtı onu sevən Gülcan kənar qüvvələrin felinə, fitfasına uyaraq Aqilin həbsxanadan çıxmasını gözləmədən anasının uzaq qohumu Şərbət adlı, dilli-dilavər, yaxşı gitara çalıb, mahnılar oxuyan, amma əyyaş bir oğlanla nişalanıb. Gülcan elə ilk günlərdən səhv etdiyini başa düşür və Şərbətin qısqanclığı, təhqirlərilə qarşılaşanda özünə qəsd edir, zəhər içərək özünü öldürür...

Tamaşa faciəli notlarla bitsə də, yüksək dramatik epizodlar tamaşanı daha maraqlı və baxımlı edir. Pyes yüksək tərbiyəvi əhəmiyyətə malik olmaqla, cəmiyyətimizdə baş verən neqativ halları göstərməklə inanırıq ki, böyük tamaşaçı marağına səbəb olacaq. Həm də onu vurğulamaq istəyirik ki, bu pyes respublikamızda həmin xaos, anarxiya illərinə həsr olunan ilk pyesdir. Bu maraqlı səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Kəmalə Əsgərova, bəstəkarı Eldar Babayev, musiqi tərtibatçısı Elnur Rəsulov, plastik hərəkətlərin quruluşçusi Eyvaz Əliyev, rejissor assistenti Məlahət Ağayevadır. Tamaşada- Xalq artisti Ella Yaqubova, Əməkdar artsistlər Şıxı Yaqubov, Akif Mirabov, aktyorlar Təvəkkül Əhmədov, Nəsibxan Əliyev, Elmira İbrahimova, Afət Əliyeva, Qabil İbrahimli, Aydın Quliyev, Ruhəngiz Abdullayeva, Asim Məmmədov, Firuz Hacıyev, Məlahət Ağayeva, Könül Hacıyeva, Fəridə Məmmədova, İlqar Rəhimov, Hüseyn Mustafayev, Nargilə Abdullayeva, Paşa Salmanov, Turqut Məsimli, Vəfa İsmayılova, Vüsalə Qulyeva, Eyvaz Əlyev, Ceyhun Əhmədov, Elvin Əkbərli, Amil Fərzəlyev və başqaları oynadıqları obrazları tamaşaçılara yüksək səviyyədə təqdim edirlər.

Mingəçevir Dövlət Dram Teatrının kollektivi Qənbər Şəmşiroğlunun “Caninin etirafı” tamaşası ilə Bakı şəhərinə qastrol səfərinə gəliblər. Onlar bu tamaşanı fevral ayının 17 və 18-i tarixlərində Milli Akademik Dram Teatrının səhnəsində teatrsevərlərə təqdim edəcəklər. Teatrın kollektivi bütün teatrsevərləri bu maraqlı və yüksək tərbiyəvi əhəmiyyətə malik olan tamaşaya baxmağa dəvət edir. İnanırıq ki, bu tamaşa hamının xoşuna gələcək və ondan özləri üçün çox şeyləri əxz edəcəklər.

Biz də öz növbəmizdə belə maraqlı tamaşa hazırladıqlarına görə teatra daha böyük yaradıcılıq uğurları arzu edirik.

Gülnar TACLI,

Şairə-publisist