ABŞ, Yaponiya və Cənubi Koreya koronavirusun dünya iqtisadiyyatına təsiri məsələsini müzakirə ediblər

15 Fevral 2020 19:33 (UTC+04:00)

Almaniyanın Münxen şəhərində davam edən 56-cı Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ, Yaponiya və Cənubi Koreya xarici siyasət qurumları rəhbərləri Mayk Pompeo, Toşimitsu Moteqi və xanım Kan Kyun-hvanın üçtərəfli görüşü olub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, görüşün əsas müzakirə mövzularından biri Şimali Koreyanın nüvə-raket fəaliyyəti ilə bağlı danışıqlar olub. Cənubi Koreya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, tərəflər Şimali Koreya məsələsində üçtərəfli əməkdaşlığa dair müzakirələr aparıblar.

Bundan əlavə, görüşdə Çində meydana çıxan və bir neçə ölkəyə yayılan yeni növ koronavirus epidemiyasına dair söhbət aparıblar. Bildirilib ki, virus təkcə insanların sağlamlığı üçün deyil, eyni zamanda, qlobal istehsal zənciri üçün də risklər yaradıb.

ABŞ və onun Asiyadakı iki əsas müttəfiqi Vaşinqtonla Tehran arasında qarşıdurmanın Yaxın Şərqdə yaratdığı gərginliyin həlli üçün əməkdaşlığı genişləndirmək məsələsini də müzakirə ediblər. Tərəflər üç ölkə arasında regional və beynəlxalq müstəvidə əməkdaşlığın istiqamətlərini və üsullarını daim araşdırmaq barədə razılığa gəliblər.