Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub

15 Fevral 2020 13:06 (UTC+04:00)

Gənc və istedadlı uşaqların dəstəklənməsi, onların inkişafına şəraitin yaradılması istiqamətində fəaliyyət göstərən Bakı Şəhər Mədəniyyət Baş İdarəsi musiqi və incəsənət məktəblərində, həmçinin tabeliyində olan digər mədəniyyət müəssisələrində onları daim diqqət mərkəzində saxlayır, yerli və beynəlxalq müsabiqələrdə özlərini sınamaqla, şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Baş idarənin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Ləman Seyidova da belə istedadlardandır.

İdarədən SİA-ya bildirilib ki, Əməkdar müəllim Kamilla Əmirovanı tələbəsi Ləmanın cəmi 11 yaşı olsa da, o, artıq yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar nəticəsində ustad fortepiano ifaçılarının diqqət mərkəzindədir. 2018-ci və 2019-cu illərdə İtaliya və Rusiyada beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Sergey Milşteyn gənc pianoçumuzun fortepiano hazırlığını, səs üzərində işini, çıxışını və musiqiyə qəlbən bağlılığını yüksək qiymətləndirərək gənc pianoçunu Cenevrə Konservatoriyasında (İsveçrə) təhsil almağa dəvət edib.

Hazırda Cenevrə Konservatoriyasında təhsilini davam etdirən Ləman Seyidova Türkiyə, Almaniya, Avstriya, İtaliya, Rusiya və Belçikada keçirilən beynəlxalq müsabiqələrdə uğurla çıxış edib.