Prezident İlham Əliyev xarici səfərlərində Azərbaycanın beynəlxalq aləmdə iqtisadi, siyasi və sosial müstəvidə uğurlarını çox geniş şəkildə şərh edir.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Musa Quliyev Prezident İlham Əliyevin Almaniyanın Münhen şəhərindəki çıxışını şərh edərkən deyib.
"Heç şübhəsiz ki, bu siyasətin aparıcı xətti Azərbaycanın karbonhidrogen ehtiyyatlarının Avropa məkanına çıxarılması və Avropanın enerji təminatında dəyərləndirilməsi, Azərbaycanın bu sferada rolunun ön plana çıxması çox vacib bir şərt kimi görünür. Bu həm Avropada, həm regionda yüksək qiymətləndirirlər, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasında bu məsələnin olduqca böyük əhəmiyyəti var".
Millət vəkili son illərdə həyata keçirilən böyük neft və qaz layihələrini: Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, TAP və TANAP layihələrini, "Cənub Qaz Dəhlizi"ni Azərbaycanın Avropa məkanında iqtisadi əhəmiyyəti artıran layihələr kimi qiymətləndirib. O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi də Azərbaycanı dünyaya xüsusilə də Avropaya bağlayan böyük layihələrdəndir.
Musa Quliyev hər keçən il Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəminin daha da artdığını vurğulayıb:
"Artıq Azəbaycan Avropa məkanında əvəzedilməz bir partnyora çevrilir. Azərbaycan iqtisadiyyatının artıq dünya miqyasında tanınması və eyni zamanda dünyada Azərbaycanın nüfuzunun bu şəkildə artması da bizi sevindirir. Azərbaycan Avropa məkanında çox əhəmiyyətli bir portnyor yeri qazanmışdır. Bundan sonrakı əlaqələrimiz də eynilə artan müstəvidə davam etdiriləcək".