“Qanun pozuntusu olan dairələrdə nəticələrin ləğv olunması demokratiyanın təntənəsidir” - Rasim Quliyev

14 Fevral 2020 19:25 (UTC+04:00)

"Azərbaycanda keçirilən parlament seçkiləri səsvermə gününə qədər həm hüquqi, həm də texniki hazırlıq işləri demokratiyanın və müasir dünyanın müasir standartlarına uyğun səviyyədə təşkil olunmuşdur. Namizədlərin qeydə alınması və bütün prosedur qaydaları yüksək səviyyədə demokratik qaydalara uyğun şəkildə yerinə yetirilmişdir. Səsvermə günü də ümumi müşahidəçilərin və "exit-pol" aparan beynəlxalq təşkilatların nöqteyi nəzərincə desək, seçki demokratik keçirilmişdir. Biz də hesab edirik ki, seçki demokratik səviyyədə təşkil olunmuş və vətəndaşların azad şəkildə öz münasibətlərini ifadə etməsi üçün münbit mühit yaradılmışdı".

SİA xəbər verir ki, bu fikirlər "RESURS" Analitik İnformasiya Mərkəzinin sədri, politoloq Rasim Quliyevə məxsusdur.

Politoloq bəzi məntəqələrdə, dairələrdə baş verən qanun pozuntuları ilə bağlı bildirib ki, əslində, həmin dairələrdə namizədlərin həddən artıq çoxluğu, rəqabətin gərginliyi belə faktların olacağına zəmin yaradırdı: "Çünki, çox ciddi rəqabət var idi və sözsüz ki, belə bir şəraitdə namizədlər və onların tərəfdarları tərəfindən hər hansı qanun pozuntusunun ola biləcəyi istisna olunmur. Və belə də oldu. Ümumi götürəndə, bu məqamlar seçkinin yüksək təşkilatçılığı və müasir standartlara uyğunluğuna, səsvermənin demokratik şəraitdə keçirilməsinə və seçkinin ümumi nəticələrinə kölgə sala bilməz. Bu, ümumiyyətlə, seçkilərin demokratik keçirildiyini deməyə əsas verir. Bəzi dairə və məntəqələrdə namizədlər, onların tərəfdarları, müşahidəçiləri və ya vəkilləri tərəfindən baş verən qanun pozuntuları konkret faktlar üzrə məntəqə və dairələrdə araşdırılmalı, MSK tərəfindən qiymətləndirilməli və həmin nəticələr ləğv olunmalıdır. Sözsüz ki, biz bunu əvvəlcədən və seçkidən dərhal sonra verdiyimiz açıqlamada belə qiymətləndirmişdik. Və həmin nöqsanlı 5-10 dairədə nəticələrin ləğv olunması demokratiyanın göstəricisidir. Hansısa bir dairədə qanun pozuntusu, heç də seçkinin demokratik keçirildiyini kölgə altına almır, əksinə demokratiyanın inkişaf göstəricisidir."

"RESURS" Analitik İnformasiya Mərkəzinin sədri daha sonra deyib: "Biz əvvəlcədən də demişdik ki, seçkinin demokratikliyinə, Azərbaycanda aparılan islahatların ruhuna uyğun gəlməyən əməllərə yol vermiş namizədlər - istər YAP-dan olan namizədlər, istər bitərəflər, istərsə də hər hansı bir partiyaların təmsilçisi olsun - fərq qoyulmadan həmin nəticələr ləğv olunmalı və qanunu pozan şəxslər cəzalanmalıdır. İndi də fakt odur ki, bu hadisələr baş verdi. Həmin dairələrdə yenidən seçki keçiriləcək. Biz hesab edirik ki, əvəzolunmaz kadr yoxdur və iqtidarımız aparılan son islahatlarla bunu bir daha sübut etdi. Biz guman edirik ki, parlamentdə azad, intellektual rəqabət nəticəsində ən sağlam ruhlu insanlar seçki nəticəsində qalib gələrək təmsil olunmalıdırlar. Ona görə də hesab edirik ki, qanun pozuntuları baş vermiş məntəqə və dairələrdə nəticələrinin ləğv olunması Azərbaycanda aparılan islahatların, demokratiyanın təntənəsidir və heç də seçkilərin demokratikliyinə kölgə salmır".