“Mən könüllüyəm” mövzusunda “inşa yazı” müsabiqəsi keçirilib

14 Fevral 2020 18:59 (UTC+04:00)

Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında “Könüllülər ili” ilə əlaqədar olaraq “Mən könüllüyəm” mövzusunda “İnşa yazı” müsabiqəsi keçirilib.

Mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci ili “Könüllülər ili” elan etməsinin bütün gənclər üçün könüllülük fəaliyyətinə istiqamətlənmiş daha çox layihələrin həyata keçirilməsinə şərait yaradacağını bildirib. O qeyd edib ki, cənab Prezidentin bu sərəncamı ölkədə könüllülük fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Sonra Dövlət gənclər siyasətinin müvafiq bəndlərinin rayonumuzda icrası və Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq görüləcək işlərdən, qarşıda duran vəzifələr və keçiriləçək tədbirlər haqqında iştrakçılara geniş məlumat verərək gənclərimizin hər birinə uğurlar arzulayıb.

Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu çıxış edərək bildirib ki, könüllülük vacib sosial bacarıqları inkişaf etdirərək cəmiyyətin buna ehtiyacı olan üzvlərinə qayğı göstərmək və eyni zamanda, dəyərli iş təcrübəsi qazanmağın vacib bir yoludur.

Sonda münsiflər heyyəti tərəfindən qaliblər müəyyən edilib:

Elşad Ağayev adına Təzə Alvadı 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Həbişzadə Səma Pərviz qızı birinci yerə, Hüseynhacılı kənd tam orta məktəbin X sinif şagirdi Qənbərov Aysu Elnur qızı ikinci yerə, Hüseynhacılı kənd tam orta məktəbin X sinif şagirdi Abdullayeva Məleykə Rakim qızı üçüncü yerə layiq görülüb. Xüsusi fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbin şagirdi Cəfərzadə Aləm Fikrət qızı diplomla mükafatlandırılıb.

Müsabiqədə qalib gəlmiş bütün gənclər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunublar.

Əlihüseyn Şükürov