İcbari tibbi sığorta necə tətbiq ediləcək? EKSKLÜZİV - AÇIQLAMA

14 Fevral 2020 17:44 (UTC+04:00)

"İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın mahiyyəti və tətbiqi ilə bağlı sorğuya cavab olaraq məlumat verib.

Bələ ki, bizə verilən məlumata görə, bu sistem sığorta hadisəsi zamanı sığorta olunanların Xidmətlər Zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər Zərfi nəticəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

"Zərfə 2550 adda tibbi xidmət daxildir. Bunlardan təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6, ilkin səhiyyə xidməti üzrə 35, ixtisaslaşdırılmış ambulator yardım üzrə 1265 və stasionar tibbi yardım üzrə 1244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib-dəyəri yüksək olan əməliyyatlar da daxildir".

"Tibbi sığorta haqqında" qanuna və Nazirlər Kabinetinin qərarına əsasən icbari tibbi sığorta 4 mərhələdə həyata keçiriləcək:

"Birinci mərhələdə, artıq 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığorta 23 regionda tətbiq olunur. Qeyd olunan regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir.

İlkin mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində ölkə əhalisinin 23.82 faizinə tibbi xidmət göstəriləcək. Eyni zamanda 1 yanvar 2020-ci ildən Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta tətbiq edilir. Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.

İkinci mərhələdə, 1 aprel tarixindən 21 region – Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın və Kəlbəcər sözügedən sistemə qoşulacaq. Belə ki, bu regionlarda yaşayan ölkə əhalisinin 24.60 faizi icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaq.

Üçüncü mərhələdə, 1 iyul tarixindən etibarən 15 regionda - Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad və Cəbrayılda icbari tibbi sığorta tətbiq olunacaq. Sözügedən regionlarda ölkə əhalisinin 19.53 faizinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmət göstəriləcək.

Dördüncü mərhələdə, 1 oktyabr tarixindən etibarən Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək. Bu isə ölkə əhalisinin 32.05 faizini təşkil edir".

Qeyd edək ki, artıq icbari tibbi sığortaya daxil olmayan hallar haqda da məlumat verilib.