Antarktidada ilk: temperatur 20 dərəcədən yuxarı olub

14 Fevral 2020 17:15 (UTC+04:00)

Antarktidada temperatur ilk dəfə 20 dərəcəni keçərək yeni bir rekord vurub, Antarktika dənizlərindəki buzlaqlar normal səviyyədən 9,8 faiz azalıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Braziliyalı alimlər Antarktida yarımadasındakı Graham Landın ucundakı 16 ən böyük ada zəncirində yerləşən Seymour adasında temperaturun 20,75 dərəcəyə çatdığını müəyyənləşdiriblər. Keçən həftə Dünya Meteoroloji Təşkilatından verilən açıqlamada qitənin şimal-qərbindəki Argentinanın Esperanza Araşdırma Bazasında havanın temperaturunun 18,3 dərəcə ölçüldüyü və bu Antarktidada indiyə qədər görülən ən yüksək istilik olduğu qeyd edilib.

Alimlər xəbərdarlıq edirlər ki, qlobal istiləşmə qütb bölgələrinin dünyanın qalan hissəsinə nisbətən daha sürətli istiləşməsinə səbəb olur. Dünyada ən yüksək temperatur artımı Rusiyanın şərq bölgələrində, Skandinaviya və Kanadada görülür; Yanvarda havanın orta səviyyədən 5 dərəcə yüksək keçdiyi ifadə edilib.

Orta temperaturdan yüksək iqlim şəraitinə görə Arktik dənizindəki buzlaqlarda normal səviyyədən 5,3 faiz, Antarktida dənizində 9,8 faiz azalma olduğu da qeyd edilib. Milli Ətraf İnformasiya Mərkəzlərinin alimləri, statistik təhlillərdə birləşərək, 2020-nin qeydlərdəki ən isti 5 il arasında olacağına inanırlar.