MSK nəticələri ləğv etdi, BƏS SONRA! - AÇIQLAMA

14 Fevral 2020 15:02 (UTC+04:00)

Yekun protokollar Konstitusiya Məhkəməsi təqdim edilir və həmin protokollar Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra 2 ay müddətində seçkilər keçirilməlidir.

Mərkəzi Seçki Komissiyası ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edib. Sözügedən dairələrdə təkrar seçkilərin nə zaman keçiriləcəyinə dair Hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Şükürov Nəsib Heybət oğlu SİA-ya açıqlama verib.

O, məsələyə bir-neçə aspektdən yanaşıb: "İlk növbədə var dairə seçki komissiyasında nəticələrin etibarsız hesab edilməsi, biri də var dairə seçki komissiyasında nəticələrin baş tutmamış hesab edilməsi. Etibarsız hesab edilmə dedikdə, dairə seçki komissiyasında səslərin hesablanması və yaxud səsvermə zamanı qanun pozuntuları real namizədin müəyyənləşdirilməsini mümkünsüz hesab etdikdə, dairə seçki komissiyasının nəticələri etibarsız hesab olunur.

İkinci bir halda etibarsız hesab edilir ki, dairə seçki komissiyasının ərazisində olan məntəqələrin 5-də 2-sinin nəticələri ləğv olunsun. O halda ki, həmin ləğv edilən 5-də 2 ümumi səsvermə hüququna malik olan dairənin ərazisində yaşayan şəxslərin 4-də 1-ni əhatə etsin.

Üçüncü hal isə məhkəmə vasitəsilə. Bu hallar baş verdikdə həmin dairə seçki komissiyasında nəticələr etibarsız hesab olunur və yeni seçkilər keçirilmiş olur".

Hüquqşünas bildirib ki, bizdəki vəziyyətə gəldikdə MSK nəticələri ləğv edib və nəticələr ləğv edildikdən sonra tərəflərin məhkəməyə müraciət etmək hüququ var:

"Əgər məhkəməyə heç kəs müraciət etməyibsə bu halda 20 gün ərzində həmin məsələlərlə bağlı MSK ümumi protokol təsdiq edib göndərir Konstitusiya Məhkəməsinə, Konstitusiya Məhkəməsi 10 gün ərzində həmin məsələlərə baxıb, yekun qərarı qəbul edir. Yekun qərarını qəbul etdikdən sonra 1 həftə ərzində Milli Məclis öz ilk iclasını keçirdir".