“AzerTelecom” şirkətinin “Azerbaijan Digital Hub” proqramı Bakıda beynəlxalq konfransda təqdim edilib

14 Fevral 2020 14:43 (UTC+04:00)

“AzerTelecom” şirkətinin “Azerbaijan Digital Hub” proqramı Bakıda beynəlxalq konfransda təqdim edilib.

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin icra etdiyi “Azerbaijan Digital Hub” proqramı Bakıda 13-14 fevral tarixlərində baş tutmuş “Rəqəmsal İqtisadiyyat: Müasir çağırışlar və Real İmkanlar” adlı konfrans çərçivəsində Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması, bu sahədə xarici təcrübə, mövcud risklər, həllər kimi məsələlərə həsr olunan plenar sessiyada təqdim edilib.

Azərbaycan Dövlət İqtisad Universitetində baş tutmuş tədbirdə çıxış edən “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən “Azerbaijan Digital Hub” proqramını tədqim edib, proqramın infrastruktur quruculuğu, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın formalaşmasına verəcəyi töhfələri qeyd edib. O proqram çərçivəsində Xəzər dənizinin dibi ilə Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan istiqamətlərində Transxəzər Fiber Optik kabel xətlərinin çəkilməsi layihəsi və beləliklə də Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunun formalaşması barədə geniş danışıb. Fuad Allahverdiyev proqramın icrası ilə ümumilikdə Azərbaycanın böyük bir region üçün rəqəmsal mərkəzə çevrilmə imkanları barədə məlumat verib.

Tədbirdə çıxış edən digər məruzəçilər aidiyyatı mövzularda təqdimatlar ediblər.

Qeyd edək ki, konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin Bir Kəmər Bir Yol Elm və Texnologiya Alyansının dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə keçirilib.