"Mitinq çağırışı siyasi maraqlar naminə olan cəhddir" ÖZƏL-MÜNASİBƏT

14 Fevral 2020 13:42 (UTC+04:00)

Ümumilikdə seçkinin ədalətli və şəffaf keçməsi üçün dövlət başçısı siyasi iradə ortalığa qoymuş və bunu dəfələrlə bəyan etmişdir. Bunu SİA-ya açıqlamasında politoloq Tahir Mirkişli deyib.

Onun sözlərinə görə, keçirilən seçkidə kifayət qədər namizədlərin olması və xarici müşahidəçilərin demək olar ki, böyük əksəriyyətinin seçki haqqında müsbət fiirləri onu deməyə əsas verir ki, seçkidə kifayət qədər rəqabət mühiti, insanların azad və şəffaf formada yarışması üçün bu istiqamətdə bir siyasi mühit və şərait də yaradılıb:
“Təbii ki, dünyada, heç bir ölkədə seçki ideal olmur. Bunu biz hər yerdə görürük, Avropa Birliyində, Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilər və orda olan müəyyən dərəcədə qanun pozuntuları ilə bağlı mətbuatda da kifayət qədər məlumatlar var. Yəni, əsas olan seçkinin ideal və ədalətli keçirilməsi ilə bağlı siyasi iradənin ortada olmasıdır ki, bunu ATƏT-in müşahidə missiyası da qeyd etmişdir. Belə bir şəraitdə artıq Mərkəzi Seçki Kamissiyasının istənilən bir şikayəti araşdırması, hətta sosial mediada olan qeyri-rəsmi şikayətləri belə araşdırması ilə bağlı verdiyi bəyanat və fəaliyyətə başlaması kifayət qədər təqdirəlayiq haldır. Bu o deməkdir ki, dövlət, xüsusən Mərkəzi Seçki Kamissiyası hər bir şikayətə baxılması və hər bir iddianın araşdırılması ilə bağlı öz iradəsini ortalığa qoymuşdur".

T.Mirkişili qeyd edib ki, belə bir şəraitdə yenidən hansısa qüvvələrin mitinq çağırışı etməsi, yaxud da ki, MSK-ya ayrıca bir qeyri-konstruktiv təsirin göstərilməsi ilə bağlı belə bir üsulu seçməsi bir daha onu deməyə əsas verir ki, bu qüvvələrin əsas məqsədi seçkinin ədalətli və yaxud da şəffaf keçməsi deyil, seçki prosesindən öz siyasi maraqları naminə istifadə etmək üçün bir cəhdidir: "Çünki, Azərbaycan xalqı öz iradəsini ortalığa qoydu. Azərbaycan xalqı pis hava şəraitinə baxmayaraq seçkilərdə aktiv şəkildə iştirak edərək, öz layiqli namizədlərini seçmək üçün seçki məntəqələrinə gəldi. Belə bir halda böyük fərqlə uduzan müxalifət qüvvələri təbii ki, bu uduzmağını ört-basdır etmək üçün bir çox hallarda qara piar elementlərindən istifadə edir, bir çox hallarda bu ilə aid olmayan, əvvəlki illərdə olan seçki ilə bağlı videolar yayır və bu mitinqə də düşünürəm ki, onların növbəti cəhdidir. Amma istənilən halda bu cəhd, sadəcə bir cəhddir, bütövlükdə seçki prosesi ayrı-ayrı qüvvələrin yox, xalqın iradəsini əks etdirən bir prosesdir və bu prosesin də artıq məntiqi nəticələri Mərkəzi Seçki Kamissiyasının verdiyi hesablamalarda öz əksini tapır. Mən düşünürəm ki, bundan sonra da hərhansı qanun pozuntusu ilə bağlı MSK-nın araşdırmaları sonuna çatdığı zaman MSK lazımi qərarlar verəcəkdir və bu qərarlar kifayət qədər açıq və şəffafdır”.