Xalçaçılıq sənətinə dövlət qayğısı artır

14 Fevral 2020 11:15 (UTC+04:00)

Kürdəmirdə sayca 11-ci olan xalçaçılıq fabriki istifadəyə verilib

"Azərbaycan xalçalarına dünyada çox böyük tələbat var. Ölkəmizə gələn xarici qonaqlar xalçalarla çox maraqlanırlar. Nəzərə alsaq ki, keçən il ölkəmizə 3 milyon 170 min xarici qonaq gəlib və bu il daha da artacaq, ona görə bizim xalçalarımıza tələbat çoxalacaq. Sizin işiniz daha da çox olacaq". Bu fikirləri "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin Azərbaycan ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyəti olmuşdur. Yarandığı ilkin dövrlərdə tələbatı ödəyən, köçəri həyat tərzi yaşayan insanların çadırlarında döşənək kimi istifadə olunan xalça, getdikcə yüksək bədii əhəmiyyət kəsb etmiş, insanların həyatının ayrılmaz hissəsinə, istehsal fəaliyyətinin aparıcı növünə çevrilmişdir. Toxucular da estetik zövqlərini xalçalarda əks etdirməklə bərabər, öz dövrlərinin ümumi mənzərəsini toxuduqları xalçalara köçürürlər.

"PLANIMIZDA 32 FABRİKİN AÇILIŞIDIR"

Azərbaycanda dövlət tərəfindən xalçaçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, Xalça Muzeyi üçün müasir standartlara cavab verən bina inşa edilmiş, rayonlarda yerli xalçaçılıq ənənələrini əks etdirən xalça muzeyləri yaradılmışdır. Bu sahəyə göstərilən yüksək diqqət və qayğının nəticəsidir ki, Azərbaycan Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdur. Sadalananlar Azərbaycan dövlətinin xalçaçılıq sənətinə olan diqqət və qayğısının nəticəsidir, xalçaçılığın həm tarixi-mədəni, həm də sosial-iqtisadi faktor kimi yüksək qiymətləndirməsinin önəmli nümunəsidir. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin yaradılması bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və xalçaçılığın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Burada xalçanın toxunuşu ilə yanaşı, eyni zamanda, onun xammalının hazırlanması, emalı, bərpası, ticarəti də mühüm əhəmiyyət kəsb edir. Xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət və qayğı sayəsində, artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Qeyd etdiyimiz kimi, bu günlərdə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı oldu. Xalça fabrikinin açılışından məmnunluğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar bu istiqamətdə çox böyük işlər görüldüyünü vurğulayıb: "Planımızda 32 fabrikin açılışıdır, onlardan 11-i artıq fəaliyyətdədir. Biri də bu gün Kürdəmir rayonunda rəsmən açılır. Mənə verilən məlumata görə, burada qadınlar üçün 100-ə yaxın iş yeri yaradılıb. Bu, çox müsbət haldır. Bir tərəfdən, vətəndaşları iş yerləri ilə təmin edirik, xüsusilə qadınları. Digər tərəfdən, bizim qədim sənətimiz, xalçaçılıq sənəti inkişaf edəcək".

"BİZİM QƏDİM SƏNƏTİMİZ, XALÇAÇILIQ SƏNƏTİ İNKİŞAF EDƏCƏK"

Qeyd edək ki, Kürdəmir filialında 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və s. kimi bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq.Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının yaşayış məntəqələrində toxunan orijinal xalça çeşnilərinin istehsalına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Kürdəmir şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Xalça-satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Göründüyü kimi, bütün sahələrə, o cümlədən, qeyri-neft sektoru olan xalçaçılığı da böyük önəm verilir. Dövlət başçısının vurğuladığı kimi, "Çünki xalçaçılıq həm qədim sənətimizdir, həm də xalça ixracyönümlü məhsuldur. İndi bizim əsas vəzifəmiz qeyri-neft sektorunun ixracının artırılmasıdır".

Azərbaycan dövləti tərəfindən həyata keçirilən səmərəli layihələr, islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycanın iqtisadi qüdrətli güclənir, inkişaf etmiş ölkəyə çevrilir.

ZÜMRÜD BAYRAMOVA