TQDK: “Yeni sınaq imtahanı aprelin 17-si respublikanın 22 şəhərində keçiriləcək”

5 Aprel 2011 01:13 (UTC+04:00)
Bu gündən etibarən aprelin 17-də və 24-ə keçiriləcək sınaq imtahanlarına yazılış başlayıb. Bu barədə SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, aprelin 17-də keçiriləcək yeni sınaq imtahanlarında yeni test kitabçasından istifadə olunacaq. Onun sözlərinə görə, bu sınaq imtahanı respublikanın 22 şəhərində keçiriləcək.

E.Nağızadə qeyd edib ki, ötən gün respublikanın 18 şəhərində-Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Yevlax, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında sınaq imtahanları keçirilib: "Protokolların ilkin araşdırmaları əsasında deyə bilərik ki, ki, imtahanlar normal şəraitdə keçib və təlimata uyğun aparılıb. 139 abituriyent sınaq imtahanlarına öz vəsiqəsi olmadığından valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. Komissiyanın xəbərdarlığından sonra onların bir hissəsi imtahanlara gəlməyib. Gələnlər isə imtahana buraxılış rejimindən keçməyiblər. Sınaq imtahanının nəticələri aprelin 8-dək komissiyanın internet saytında yerləşdiriləcək və hər bir abituriyent öz nəticəsi ilə burada tanış ola biləcək. Aprelin 10-da isə təkrar sınaq imtahanı olacaq və burada ötən günki test kitabçalarından istifadə olunacaq. Bu imtahana yazılış hələ ki, davam edir, ancaq imtahan təkrar olduğu üçün yerlər azdır".