Karate üzrə yığmamız Premyer Liqa turnirində iştirak edəcək

14 Fevral 2020 09:35 (UTC+04:00)

Karate üzrə Azərbaycan milli komandası fevralın 14-16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək. SİA-nın məlumatına görə, mövsümün ikinci yarışında federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə 14 idmançı mübarizə aparacaq.

Kumite yarışlarında kişilər arasında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər üçü 84 kq) güclərini sınayacaqlar. Qadınlar arasında Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) yarışacaqlar.

Kata üzrə yarışlarda idmançılarımızdan yalnız Roman Heydərov çıxış edəcək. Dubay Premyer Liqasını idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.

Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparacaq.