Milli Onkologiya Mərkəzində müalicə alan uşaqlarla görüş təşkil edilib

13 Fevral 2020 22:48 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi, onlar üçün bərabər imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyası və problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. 15 Fevral - Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində Dövlət Komitəsi Milli Onkologiya Mərkəzi və “Pirple Kids” Tədris İnkişaf Mərkəzi ilə birgə Milli Onkologiya Mərkəzində müalicə alan 1–17 yaş arası 54 uşağa mənəvi dəstək göstərmək, onlara şən əhval-ruhiyyə bəxş etmək üçün görüş təşkil edib.

SİA Komitəyə istinadən bildirir ki, görüşdə uşaqlara Komitə və Tədris Mərkəzi tərəfindən müxtəlif hədiyyələr və şirniyyatlar paylanılıb.

Qeyd edək ki, 15 fevral günü xərçəngə qarşı Ümumdünya Xərçəngli Uşaqların Valideynlərinin Dünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır.