Paşinyan da "islahata" həvəsləndi

13 Fevral 2020 15:49 (UTC+04:00)

Erməni xalqının bəlası Nikol sərsəm bəyanatları ilə kürsüyə "əlvida" deməyə hazırlaşır

Saxtakarlıq və yalan danışmaq ermənilərin qanındadır. Əslində, bu, çoxları üçün yenilik olmasa da, erməni baş nazir Nikol Paşinyan üçün hələ də anlaşılmazdır. Küçə "demokratı"nın yalanlar üzərində qurduğu utopik xəyalarını erməni xalqının başına yeridərək, Ermənistanı "inkişaf etmiş ölkələr sırasına çıxaracığı" vədləri, elə vədlər olaraq qaldı. Bütün bunlardan sonra "DQR"-də "referendum" keçirilməsi ilə bağlı bəyanət verməsi, görünür, Azərbaycanda keçirilən islahatlardan həvəslənərək, "qaz yerişi yerimək istədiyi yerdə, vurub göz çıxarmaq"la verdiyi vədlərini ört-basdır etmək istədi. Ancaq bu addım erməni xalqı tərəfindən etirazla qarşılanıb. Siyasi ekspertlərin sözlərinə görə, bu, baş nazir Nikol Paşinyanın ölkənin Konstitusiya Məhkəməsində hakimlərdən çoxunu vəzifədən kənarlaşdırmaq məqsədidir.

Sarkisyanın aqibəti Paşinyanın da başında çatlayacaq

"Əgər parlament fraksiyası məni seçməsə, heç kimi seçməyəcək. Baş nazirin seçiləcəyi gün bütün erməni xalqı meydanda olacaq. Qoy xalqın iradəsini yerinə yetirməməyə çalışsınlar". Bu sözləri 2018-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Nəticə nə oldu?

Ermənistanda son günlər baş verənlər də bunu təsdiqləyir. Bu gün erməni müxalifəti və erməni ziyalıları açıq şəkildə qeyd edirlər ki, məhz Sarkisyanın 10 illik prezidentlik fəaliyyəti erməni xalqı üçün, ilk növbədə, iqtisadi böhrana səbəb olub.

"Jamanak" qəzetinin yazdığına görə, məqsəd Ermənistanda prezident üsul-idarəsinə qayıdış etməkdir. Nəşr bildirib ki, güclü prezidentlik idarəsi Konstitusiya Məhkəməsinin üzvlərini istefaya göndərə biləcək. Ekspertlər Nikol Paşinyanın bu islahatlarla öz kövrək hakimiyyətini möhkəmləndirmək niyyəti güddüyünü vurğulayırlar.

Qabil Hüseynli: "Ölkə müxalifəti mürəkkəb vəziyyətdən istifadə edərək,, tərəfdarlarını artırıb və baş nazirə qarşı ciddi müqavimət formalaşdırıb"

Politoloqun sözlərinə görə, Paşinyan düşünür ki, prezidentlik sistemində daha çox səlahiyyəti öz əlində cəmləyəcək: "Konstitusiyaya dəyişiklik olarsa, Paşinyan hakimiyyətin bütün qollarına nəzarəti öz əlinə alacaq və "güclü hakimiyyət" quracaq. Daha doğrusu, baş nazir belə olacağını zənn edir. İnqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan prezident üsul-idarəsinə keçməklə, avtoritar rejim qurmaq niyyətindədir. "İslahatlar" ideyası birbaşa baş nazirin siyasi ambisiyaları ilə bağlıdır. Paşinyan baş nazir postunda reytinq qazana bilmədi, əksinə, daha da nüfuzdan düşdü. İndiki halda Paşinyan hakimiyyətin digər qollarına təzyiq göstərə, öz kadrlarını yerləşdirə bilmir. Prezident üsul-idarəsinə keçid ona öz siyasi maraqlarını təmin etməyə imkan verəcək. Bununla da, mərkəzi hakimiyyəti bir əldə cəmləyəcək".

Siyasi şərhçinin sözlərinə görə, dəyişikliyin baş tutacağı təqdirdə, Ermənistanda yenidən prezident seçkiləri keçirilməlidir: "Burada seçki problemi ortaya çıxa bilər. Ermənistan cəmiyyətində Paşinyana qarşı ciddi narazılıq mövcuddur. Məlum olduğu kimi, ölkə müxalifəti mürəkkəb vəziyyətdən istifadə edərək, tərəfdarlarını artırıb və baş nazirə qarşı ciddi müqavimət formalaşdırıb. Onu da nəzərə alaq ki, indiki məqamda prezident üsul-idarəsinə keçid referendum yolu ilə mümkündür. Lakin narazı xalqın qatılacağı referendumdan çıxan nəticə Paşinyanın istəkləri ilə üst-üstə düşməyə bilər. Referendum olsa belə, çox qızğın prezident seçkilərinin şahidi olacağıq. Paşinyan olduqca riskli yola qədəm qoyub. Hər halda, idarəetmədə sistem dəyişikliyi Ermənistanda ciddi təlatümlərə gətirib çıxara bilər".

Ermənistanda vəziyyətin bu həddə çatma səbəbləri

Bu səbələri uzun-uzadı araşdırmağa ehtiyac da yoxdur. Ekspertlərin sözlərinə görə, Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbkarı Serj Sarkisyan və onun davamçısı Paşinyandır və bu vəziyyətdən çıxış yolu, məntiqə üstünlük verərək, işğalçılıq siyasətindən imtina edib, Azərbaycan torpaqlarını azad etməkdir. Amma düşünüləsi deyil ki, Ermənistanın bugünkü hakimiyyəti belə bir məntiqi addım atıb xalqını üzləşdiyi uçurumdan xilas etsin. Çünki indiki Ermənistan hakimiyyəti faşist və kriminal rejimdir. Bu, baş verməyəcəyi və proseslərin bu cür dava edəcəyi təqdirdə, Ermənistan böyük addımlarla uçuruma doğru irəliləyir.

Beləliklə, Ermənistan iki aydan sonra referenduma gedir və erməni mediasının yazdığına görə, bu proses dövründə baş nazir Nikol Paşinyan aktiv şəkildə təbliğat kampaniyası aparacaq. Erməni mediası yazır ki, baş nazir yenə də öz piarı ilə məşğul olacaq. "Qolos Armenii" yazır ki, "referendum bahalı prosedurdur - 2003-cü ildə buna 66 mln dram, 2015-ci ilə isə 1,8 mlrd. dram sərf olunub. 2020-ci ilin büdcə qanununa bu xərc planlaşdırılmayıb və çox güman ki, bunun üçün büdcədənkənar fondlardan vəsait ayrılacaq. Referendumun vergi ödəyicilərinə neçəyə başa gələcəyi bəlli deyil. Lakin Nikol öz əyləncəsini həyata keçirmək üçün heç nəyi əsirgəmir. O, entuziazmla istənilən işlə məşğul olmağa hazırdır. Küçə-küçə gedib, Konstitusiya Məhkəməsi hakimlərinə nifrət hissi aşılamağa çalışır. Elan edir ki, ölkə iki il ərzində onun rəhbərliyi ilə böyük nailiyyətlərə imza atıb. Nikol yalnız bunu bacarır. Ölkəni idarə etmək qabiliyyəti yoxdur, nə təcrübə, nə də effektiv qərarlar qəbul etmək imkanı var, iqtisadi təzahürlərin mahiyyətini anlamır, danışıqlar prosesinin incəliklərini bilmir. Ancaq və ancaq yalan danışmağı bacarır və insanları populist şüarlarla çaşdırır".

Paşinyanın bu oyunlarının bədəli daha böyük olacaq

Maraq doğuran daha bir hal ondan ibarətdir ki, beynəlxalq miqyasda iflasa uğrayan "referendum", hətta qondarma "DQR" erməniləri tərəfindən də qəbul olunmur. Bundan narahat olan Daşnaksütyun Partiyası bəyanat yayaraq, separatçı rejimi və rəsmi İrəvanı geri addım atmağa çağırıb. Bəyanatda bildirilir ki, qondarma "DQR"-də "referendum" münaqişənin həllini çətinləşdirəcək: "Bu, daxili çaxnaşmalara da səbəb olacaq. Daxili çaxnaşma isə Qarabağın itirilməsinə gətirib çıxara bilər. Münaqişənin həlli danışıqlar masasına qayıtmalıdır". Şübhəsiz, bu gün bütün bu oyunların qarşısında güclü Azərbaycan Ordusu durur. Məqamı gələndə, Ordumuz öz sözünü deyəcək və Dağlıq Qarabağda Azərbaycan qanunları bərpa ediləcək. Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...

Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bü faktın gerçəkliyi göz önündədir.

A.SƏMƏDOVA