AQTA sədri YAP İcra katibliyində mətbuat konfransı keçirib TƏDBİR-VİDEO-FOTOLAR

13 Fevral 2020 11:04 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, AQTA sədri Qoşqar Təhməzli əvvəlcə Agentlik tərəfindən əhalinin qida təhlükəsizliyinin təmin edilməsi, istehlakı hüquqlarının qorunması sahəsində görülən, işlər həyata keçirilən tədbirlər barədə məlumat verib. Q.Təhməzli bildirib ki, son vaxtlar Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan 2019-nCoV koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə Agentlik infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub. Agentliyin regional bölmələri, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilməklə gücləndirilmiş iş rejiminə keçib. Vəhşi heyvanlar vasitəsilə yayılma riski ölkəmiz üçün də mövcud olduğu üçün AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ictimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılmasının qətiyyətlə yolverilməz olması barədə birgə məlumat yayıb. Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı sahibkarlara müraciət edib. Bəyan etmişdir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Bundan başqa yanvarın 13-dən 17-dək ölkə ərazisində keçirilən epizootoloji monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib. Xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə də rast gəlinməyib. Qeyd edək ki, AQTA ölkə ərazisini yüksək patogen quş qripindən qorumaq məqsədilə xəstəliyə qarşı fevralın 10-dan 14-dək növbəti epizootoloji monitorinqlər keçirir. AQTA sahibkarları dünyanın müxtəlif ölkələrində müəyyən olunmuş heyvan xəstəlikləri ilə bağlı məsələlərə daha diqqətli və məsuliyyətlə yanaşmağa, quşçuluq məhsulları idxal edərkən mövcud qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırıb. Sonra AQTA sədri Qoşqar Təhməzli jurnalistlərin suallarını cavablandırıb.