İsveçrənin "Crypto AG" şirkətinin istehsal etdiyi şifrələmə aparatları onilliklər boyu dünyanın yüzdən çox ölkəsində casusluq əməliyyatı üçün istifadə olunub.
SİA xəbər verir ki, İsveçrə, Almaniya və ABŞ mətbuatının birgə araşdırmaları nəticəsində ABŞ və Almaniyanın mərkəzi kəşfiyyat idarələrinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda tanınan bu şirkətin əsas payçıları olduğu ortaya çıxıb. "Rubikon" əməliyyatı adı verilən proses çərçivəsində hər iki ölkənin xüsusi xidmət orqanları manipulyasiya edilmiş şifrələmə aparatlarının köməyi ilə dünyanın müxtəlif ölkələrindən həssas məlumatları əldə edə biliblər.
Araşdırmalar nəticəsində məlum olub ki, 1970-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) Lixtenşteyndə qurulmuş bir fond vasitəsilə "Crypto AG" şirkətinin əsas paylarını alıblar. Həmin vaxtdan etibarən dünyanın ən təhlükəsiz şifrələmə aparatları kimi reklam olunan məhsulların dünyanın yüzdən artıq ölkəsinə satışı təşkil olunub. Manipulyasiya olunmuş aparatların köməyi ilə hökumət orqanları, rəsmi idarələr, səfirliklər və hərbi qurumlar arasında yazışma və danışıqlar sistematik şəkildə nəzarətə götürülüb. Bu şirkətin şifrələnmiş aparatlar üzrə dünya bazarında lider olması da alıcı ölkələrin sayına təsir göstərib.
Eyni zamanda İsveçrənin neytral dövlət olması, soyuq müharibə və Yaxın Şərq münaqişəsində bitərəf mövqe tutması bu aparatlara olan etimadı daha da artırıb. Beləliklə də, şirkət öz məhsullarını iki istiqamətdə (təhlükəsiz və kodu asanlıqla "sındırıla bilən") istehsalını həyata keçirib. Onilliklər boyunca dünyanın yüzdən artıq ölkəsi manipulyasiya olunmuş aparatları ən təhlükəsiz aparatlar kimi alıblar. Az sayda ölkə (onların içərisində İsveçrə Konfederasiyası da olub) təhlükəsiz şifrələmə aparatları ilə təmin olunublar.
Mətbu orqanlarının əldə etdiyi 280 səhifəlik məxfi dosyada "Rubikon" əməliyyatı İkinci dünya müharibəsindən sonra həyata keçirilən ən uğurlu kəşfiyyat əməliyyatlarından biri kimi dəyərləndirilir. Həmin dosyada qeyd olunub ki, "Crypto" aparatları 1979-cu ildə Kemp-Devid danışıqlarında, 1981-ci ildə İrandakı amerikan girovlarla bağlı danışıqlarda və ya 1989-cu ildə ABŞ-ın Panamaya hərbi müdaxiləsində mühüm rol oynayıb və ABŞ tərəfi qarşı tərəfin stregiyası barədə əvvəlcədən məlumatlı olub. Hesab olunur ki, "Rubikon" əməliyyatı ən geci 2018-ci ilə kimi davam etdirilib.
Almaniyanın xüsusi xidmət üzrə eksperti Erix Şmidt-Eenboom bildirib ki, bu əməliyyat çərçivəsində müəyyən dövrlərdə CIA və BND-nin kəşfiyyat məlumatlarının 50 və bəzən hətta 70 faizi manipulyasiya olunmuş "Crypto" aparatlarının sayəsində əldə olunub. Qalmaqalın üstü açıldıqdan sonra İsveçrə federal hökuməti araşdırmalara başlayıb. Hökumətin iqtisadiyyat departamenti isə "Crypto" aparatları üçün ixracat lisenziyasını dondurub.