Azərbaycanda seçkilər dürüst, ədalətli, azad və şəffaf olub Rusiyalı deputatlar

11 Fevral 2020 18:03 (UTC+04:00)

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər dürüst, ədalətli, azad və şəffaf olub və mövcud qanunvericiliyə uyğun keçirilib. Bu rəy “Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyasının fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasında parlament seçkilərinə dair hesabatında yer alıb. Missiyanın tərkibinə Dövlət Dumasının deputatları Aleksey Juravlyov, Sergey Marinin, Yelena Strokova, Boris Çernışov, Maksim İvanov, ekspertlər Lyudmila Kozlova, Oleq Kuznetsov, Yevgeni Kondraxin, Yelena Brızqalina, Valeri Fyodorov, Sergey Voronin, Yelena Marinina, Sergey Markov, Darya Qrevtsova, Ramin Qasımov, Aleksey Bıçkov daxil olublar.

Hesabatda deyilir ki, müşahidəçilər qrupu öz missiyasına fevralın 7-də başlayıb. Onun fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Müşahidə missiyası zamanı qrup Mərkəzi Seçki Komissiyası, yerli və beynəlxalq müşahidəçilərlə sıx əlaqə saxlayıb, açıqlıq və şəffaflıq prinsiplərini rəhbər tutub. Müşahidəçilər qrupunun ofisi Bakıda olub.

Müşahidəçilər qrupunun hesabatında qeyd olunub ki, seçicilər, müşahidəçilər və polislər üçün seçkilərə dair bir sıra informasiya xarakterli kitab və materiallar çap edilib, həmçinin seçkiqabağı kampaniya zamanı reklam və izahat layihələri həyata keçirilib, KİV-lərdə elanlar yerləşdirilib.

Seçicilər, müşahidəçilər və digər maraqlı şəxslər seçkilər haqqında (www.msk.gov.az, www.cec.gov.az, www.infocenter.gov.az) internet saytlarında zəruri informasiyaları almaq imkanlarına malik olublar.

Qeyd olunub ki, Seçki Məcəlləsinə uyğun olaraq, seçicilərin tam siyahısı seçki məntəqələrində və Mərkəzi Seçki Komissiyasının dairələrində saxlanılıb. Siyahılar iki nüsxədə çap olunub və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 46-cı maddəsinə uyğun olub.

Seçicilərin siyahısı tanış olmaq üçün həm də MSK-nın saytında və seçki dairələrindəki stendlərdə yerləşdirilib. Hər bir seçici öz adının siyahıda olmasını şəxsi məlumatlarını (ad, soyad, atasının adı, doğum tarixi, seçki məntəqəsinin sayı) göstərməklə bilavasitə yerində və ya axtarış sistemi vasitəsilə yoxlaya bilib. Seçki məntəqələri üzrə bütün zəruri məlumatlar, xəritələr, nəqliyyat sxemi seçicilərin rahatlığını təmin etmək məqsədilə saytlarda yerləşdirilib. Hər hansı pozuntuların aşkar edilməsi zamanı seçicilər “115” qaynar xəttinə zəng edə və ya onlayn müraciəti doldurmaqla MSK-ya müraciət ünvanlaya bilib. Daxil olan bütün müraciətlərə baxılıb və müvafiq tədbirlər görülüb. Seçicilər öz adlarının seçici siyahısında olmaması ilə əlaqədar həm də dairə seçki komissiyalarına müraciət edə biliblər.

“Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun müşahidə missiyasının olduğu bütün seçki məntəqələri səsvermə üçün qutularla, kabinələrlə, masalarla, dəftərxana ləvazimatı və bütün zəruri avadanlıqlarla təmin edilib. Səsvermə üçün qutular onların doluluğunu görmək üçün yetərincə şəffaf olub. Daxil olmuş informasiyalara uyğun olaraq, minə yaxın seçki məntəqəsində onlayn veb-kameralar quraşdırılıb. Müşahidəçilər qrupu namizədlər, bülletenlərin doldurulması və Seçki Məcəlləsinin pozulmasına görə cinayət və inzibati məsuliyyət barədə məlumatlar olan xüsusi stendlərin mövcudluğunu qeyd edib.

Hər bir seçici şəxsən və təklikdə səs verib. Bülletenlər heç kimin daxil olmağa ixtiyarı olmayan kabinələrdə doldurulub və gizli səsvermə üçün bütün xüsusi texniki vasitələrə malik olub. Məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstəriblər. Səsvermənin keçirildiyi müxtəlif məntəqələrdə müşahidələr zamanı seçicilərin iradəsinə təsir göstərilməsi və ya səsvermənin gizliliyinin pozulması halları aşkar edilməyib.

Bundan başqa, məntəqə seçki komissiyaları tərəfindən səhhəti ilə bağlı seçki məntəqəsinə gələ bilməyənlər üçün imkanlar yaradılıb. Bu məqsədlə seçki məntəqələrində daşınan qutular olub.

Bəzi tək-tük nöqsanlar və çatışmazlıqlar səsvermənin gedişatına və seçicilərin öz seçimini azad yerinə yetirməsinə heç bir təsir göstərməyib.

Müşahidəçilər qrupunun üzvləri seçki məntəqələrinin bağlanılması, səslərin sayılması və səsvermənin yekunlarına dair protokolların tərtibi proseslərini izləyiblər və qeyd ediblər ki, bütün proses ölkənin seçki qanunvericiliyinin tələblərinə müvafiq şəkildə aparılıb.

“Sotrudniçestvo” beynəlxalq münasibətlər institutunun Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinə verdiyi qiymət onun üzvlərinin öz müşahidələri, qısamüddətli və uzunmüddətli monitorinq zamanı toplanmış qanunvericiliyin, material və informasiyaların öyrənilməsi və təhlilinə əsaslanıb.

“Azərbaycan Respublikasında 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərinin monitorinqinin gedişində səsvermənin nəticələrinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulması halları qeydə alınmayıb. Ümumilikdə, seçkilər Azərbaycan Respublikasının seçki qanunvericiliyinə və hamı tərəfindən tanınan demokratik normalara müvafiq şəkildə keçirilib.

Bütün bunları nəzərə alaraq, seçkilərin dürüst, ədalətli, azad və şəffaf olduğunu və qüvvədə olan qanunvericiliyə uyğun şəkildə keçdiyini söyləmək olar”, - deyə hesabatda qeyd olunur.