STRATFOR Bakının təhdidini və Ermənistan prezidentinin verdiyi sözü analiz edib

2 Aprel 2011 20:20 (UTC+04:00)
Əgər Azərbaycan təhdidlərini reallaşdırsa və içində Sarkisyanın da olacağı təyyarəni vursa, o zaman Azərbaycan Ermənistan prezidenti öldürəcək və Ermənistana qarşı təcavüz həyata keçirmiş olacaq. Bu barədə STRATFOR saytında yazılan məqalədə göstərilib.
Qeyd edək ki, mayın 9-u tarixində Xankəndində aeroportun açılışı planlaşdırılıb. Azərbaycan tərəfi isə Xankəndinə yollanacaq ilk təyyarəni vuracağını bəyan edib. Cavabında Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, təyyarənin ilk reysinin ilk sərnişini məhz özü olacaq.
Məqalədə yazılanlara görə, əgər Azərbaycan öz təhdidini reallaşdırarsa və təyyarəni vurarsa, o zaman Qafqaz geopolitikasını nəzərə alaraq demək olar ki, bu hadisə Rusiya və Türkiyə kimi regional oyunçuları və ABŞ-ın diqqətini cəlb edəcək: "Ancaq bir sıra faktorlar bu ssenarini dəyişə bilər və ehtimal ki, bu qarşılıqlı bəyanatlar hərbi konfliktə cəhddən çox siyasi mülahizəyə əsaslanıb. Baxmayaraq ki, Azərbaycan tərəfindən bu təhdid ssenarisi və Sarkisyanın bəyanatı kofliktin genişlənməsi şansını daha da artırır, ancaq çətin ki, təyyarənin vurulması onun aeroporta uçuşunun qarşısının alınması üçün yeganə variant olsun. Bu insidentin vaxtı Azərbaycanın hərəkət variantının detallarına nisbətən daha vacibdir. Uçuşa təxminən bir ay qalmış qəbul edilən hər iki addım provokasiyaya xidmət edir və məqsəd siyasi mesaj göndərməkdir. Birinci dəfə deyil ki, Azərbaycan və Ermənistan liderləri bu cür siyasi manevr edirlər və məqsədləri bir-birinə təzyiq göstərmək və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir".
Məqalənin müəllifi qeyd edir ki, ABŞ, Rusiya və Türkiyə kimi bəzi aparıcı siyasi oyunçular qırılmaz şəkildə Qafqaz regionu ilə bağlıdırlar. Bu tərəflərin marağındadır ki, Azərbaycan və Ermənistan arasındakı hərbi konfliktdən qaçsınlar: "Sarkisyanın bəyanatı bütün siyasi oyunçulara və məhz Azərbaycana və Ermənistana da vaxt verir ki, belə bir ssenariyə hazırlaşsınlar. Azərbaycanın həmişəki tərəfdaşı Türkiyə də Bakıya tam dəstək verib və bildirib ki, istənilən uçuş beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilməlidir və Azərbaycanın hava məkanına hörmət edilməlidir. Vaşinqton artıq hər iki tərəfi məsələni müzakirə etməyə və uçuşa kimi münaqişəni həll etməyə çağırıb- standart siyasi cavab. Ancaq regiondakı vacib oyunçulardan biri də Rusiyadır-Ermənistanın hərbi-siyasi tərəfdaşı. Rusiyanın Ermənistanda bazası mövcuddur, ancaq eyni zamanda bu ölkənin Azərbaycanla sıx enerji və siyasi əlaqələri var. Rəsmi Moskva hələ bu hadisəyə rəsmi cavab vermək məcburiyyətində qalacaq".
Məqaləyə görə, Rusiyanın Sarkisyanın bəyanatından əvvəlcədən xəbərdar olmaması ağlabatan deyil. Ehtimal ki, özünün Ermənistandakı hərbi bazasının müddətini uzadan Rusiya Bakıya təzyiq göstərmək məqsədi ilə Ermənistana manevr etmək üçün imkan yaradır. Bundan başqa Moskva Bakının, Ankaranın və Vaşinqtonun reaksiyasını öyrənmək üçün Ermənistandan istifadə edə bilər.
Azərbaycan Qafqazda ən müstəqil ölkə hesab olunur və Qərbin Azərbaycana enerji layihələri səbəbindən dostluq münasibəti kimi bəzi faktorlar Bakı ilə Moskva arasındakı münasibətləri çətinləşdirir. "Eyni zamanda daxili siyasi hadisələr də münaqişənin genişlənməsinə səbəb olar, belə ki, artıq ölkələr təzyiqlərlə, ictimai narazılığın artması və etirazlarla üzləşir. Bu amillər Yaxın Şərq və Şimali Afrikada olduğu kimi rejimlər üçün təhlükə deyil, lakin yenə də tərəfləri qıcıqlandırır",-deyə məqalədə göstərilib. Bu məsələlərin həlli üçün yoxlanılmış və düzgün taktika-ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırıb, xarici qüvvələrə cəlb etməkdir ki? bu da Azərbaycan və Ermənistanın təmas xəttində insidentlərin və atışmanın artmasında özünü göstərir. May uçuşu ictimaiyyətin diqqətinin daxili problemlərdən yayındırılması üçün daha daha effektiv üsuldur. Məqalə müəllifinin fikrincə, İravandan Xankəndinə uçuşa kimi 1 ay müddətində vacib məslələrdən biri siyasi və diplomatik səviyyədə bütün maraqlı tərəfləri də izləmək olacaq.