Azərbaycanın turizm imkanları genişlənib - TƏHLİL

7 Fevral 2020 18:24 (UTC+04:00)

Prezident İlham Əliyev: "Keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər"

"...Keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bildirib. Dövlət başçısı keçən il xarici turistlərin Azərbaycanda 4,3 milyard manat pul xərclədikklərini vurğulayaraq, bunu ixrac növü kimi hesablasaq, neftdən sonra ikinci sahənin turizm olduğunu qeyd edib: "Məhz ona görə mən turizmin inkişafı üçün kompleks tədbirlərin görülməsini təmin etdim, son illər Azərbaycanda turistlərin sayı artıb və bu gün də artır". Azərbaycan iqtisadiyyatının strateji istiqaməti sayılan turizm sektorunda aparılan islahatlar öz nəticəsini verib. Ölkəmizdə turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Dövlətimizin başçısının səyləri nəticəsində, Azərbaycan dünyanın turizm ölkələrindən birinə çevrilib və dünyanın ən məşhur brend şəbəkəli mehmanxanalarının Azərbaycanda olmasının nəticəsidir ki, dünyanın ən sayılıb-seçilən hotelləri ilə müqayisədə diqqətçəkəndir. "Azərbaycanda dünyanın bütün aparıcı otellərinin brendləri fəaliyyət göstərir" - deyən Cənab Prezident qeyd edib ki, dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikməzdi. Təkcə bir faktı qeyd edək ki, əgər 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövrlər ərzində onların sayı dəfələrlə artıb.

"DAVOSUN HESABATINDA AZƏRBAYCAN HAVA XİDMƏTLƏRİNƏ GÖRƏ 11-Cİ YERDƏDİR"

Ötən dövrlə müqayisədə ölkəmizdə geniş imkanların yaraldıması məhz ölkəmizin turistlər üçün ən əlverişli istirahət məkanına çevirib. Ölkəmizdə bütün sahələrdə paralel olaraq aparılan inkişaf öz bəhərsini verib. Belə ki, Azərbaycanda yeddi aeroport tikilib ki, onların da altısı beynəlxalq aeroportdur. Dövlət başçısının sözlərinə görə, "Davosun hesabatında Azərbaycan hava xidmətlərinə görə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu artıq beşulduzlu aeroport kimi tanınır. Dünyada belə aeroportların sayı təqribən 10-na yaxındır. Onlardan biri də Heydər Əliyev Aeroportudur". Bütün bunlarla yanaşı, ölkəmizdə hökm sürən sabitlik də turistlərin Azərbaycanı seçməsində önəmli faktoralardandır: "Onlar nəyə görə buraya gəliblər? Niyə başqa ölkələrə getmirlər?" - deyən dövlət başçısı diqqətə çəkib ki, ölkəmizdə sabitlik var, inam var, vəziyyət proqnozlaşdırılandır və investisiya mühiti, kredit reytinqlərimiz yaxşıdır: "Doing Business"dəki yerimiz yaxşıdır. Onlar görür, arayışa baxır. Dünyanın aparıcı brendi kortəbii olaraq gəlib burada otel tikər? Əlbəttə ki, yox. İqlim gözəldir, 9 iqlim zonamız var, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, mətbəximiz və əlbəttə ki, sabitlik və təhlükəsizlik. Ona görə turizm sahəsində bu işlər görülür".

"HARADA Kİ, BOŞLUQLAR VAR, BİZ ÖZ TURİZM İMKANLARIMIZI GƏRƏK SƏFƏRBƏR EDƏK"

Bu gün Azərbaycan turizmin inkişaf istiqamətində tarixi yerlərimizin yenidən qurulması və bərpası istiqamətində çox böyük işlər görülür. Ölkəmizdə dövlət tərəfindən, bütün sahələrə olduğu kimi, xüsusi tarixi əhəmiyyət daşıyan nümunələrə-qalalara, istehkamlara, məbədlərə, təbii qoruqlara diqqət və qayğı artıb. Ölkə ərazisində yerləşən bir sıra abidələrdə, Bakı şəhərində "Şirvanşahlar Saray Kompleksi", "Məhəmməd" məscidi, "Kiçik Karvansaray", "Bazar Meydanı", "Məktəb-Məscid", Şəki rayonunda "Şəki Xan Sarayı", qala divarları, "Kiş" Alban Məbədi, Şərur rayonunda "Qudi-Xatun" türbələri, Babək rayonunda "Əshab-ül-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi, Gəncə şəhərində Nizami Gəncəvi Məqbərəsi və digər mühüm tarixi-memarlıq əhəmiyyəti olan abidələrdə bərpa-konservasiya işləri aparılıb. Görülən işlər tarixin daş yaddaşı olan abidələrin nəsillərdən-nəsillərə ötürülməsində əhəmiyyətlidir. "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə dövlət başçısının Sərəncamı bu sahədə həyata keçirilən tədbirlərin davamı oldu.

Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur. Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Nardaran Tarix-Mədəniyyət Qoruğu, Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu, Lahıc tarix-mədəniyyət qoruğu, "Çıraqqala" tarixi-memarlıq qoruğu, "Şabran şəhəri" Tarixi Qoruğu, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu və s. dövlət səviyyəsində qorunur və müfahizə olunur. Qoruqların fəaliyyəti müasir tələblər səviyyəsində təşkil edilir. Turistlərin və ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi-tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. "Qobustan" Milli Tarix-Bədii Qoruğu ərazisində qoruğun yeni inzibati binası tikilmiş və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyası yaradılmışdır. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun və "Qobustan" Milli Tarix-Bədii Qoruğunun ərazisində yerləşən abidələrin qorunması təmin edilmiş, əraziləri abadlaşdırılmış və yeni turizm marşrutları müəyyən olunmuşdur. Bu qoruqlar müasir tələblərə cavab verən turizm obyektlərinə çevrilməkdədir. "Harada ki, boşluqlar var, biz öz turizm imkanlarımızı gərək səfərbər edək" - deyən Cənab Prezident keçən il Yanardağın tamamilə yenidən qurulduğunu bildirib: "...çox gözəl şərait yaradıldı və demək olar ki, Bakıya gələn turistlərin böyük əksəriyyəti oranı ziyarət edir".

"BİZİM TARİXİ YERLƏRİMİZİ, TARİXİ KƏNDLƏRİMİZİ TURİZM ZONASINA ÇEVİRMƏK ÜÇÜN PRAKTİKİ ADDIMLAR ATILIR"

Bizim palçıq vulkanlarımızın olduğunu da diqqətə çəkən Prezident o yerlərə yol olmadığını bildirib: "Hətta yol olsa belə, oraya gedib, bir stəkan çay içmək üçün yer də tapmaq mümkün deyil. Ona görə göstəriş vermişəm ki, bizim Turizm Agentliyimiz bu il bu məsələ ilə ciddi məşğul olsun. Necə ki, bu gün Yanardağa, yaxud da ki, Qobustana hər kəs gedir, palçıq vulkanlarına da hər kəs gedəcək. Çünki biz palçıq vulkanlarının sayına görə dünyada birinci yerdəyik".

"Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır" - deyə bildirən Prezident İlham Əliyev bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayının 18 faiz artdığını qeyd edib: "Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz."

Göründüyü kimi, ölkə ərazisində olan qoruqlarda, tarixi ərazilərdə dövlət tərəfindən genişmiqyaslı bərpa-konservasiya, elmi-tədqiqat, yenidənqurma və abadlaşdırma işləri aparılıb və bu gün də davam etməkdədir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə, qəza vəziyyətinə düşmüş tarix və mədəniyyət abidələrimizə dövlətimiz tərəfindən diqqətin ayrılması, təbii ki, turizm sektoruna da öz töhfəsini verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI