Fəzail İbrahimli: “Kənar qüvvələr bu işə müdaxilə etməzsə, Azərbaycan münaqişəni çox rahat şəkildə həll edə bilər”
2 Aprel 2011 03:17 (UTC+04:00)
"Ermənistan iqtisadi cəhətdən zəif, siyasi cəhətdən qeyri-stabil, hərbi cəhətdən isə çox gücsüz bir ölkədir. Bundan əlavə, Ermənistanın idarəçiliyi özündə yox, Rusiyanın əlindədir. Üçüncüsü isə əgər Ermənistan müharibəyə başlayarsa, fikrimcə, orada güclü daxili çaxnaşma yarana bilər və bunun nəticəsində də Azərbaycan tərəfi çox qısa bir müddətə işğal olunmuş ərazilərini azad edə bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib. O bildirib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayarsa, Türkiyənin bu proseslərə qoşulması məsələsi kifayət qədər ciddi məsələdir. Millət vəkili vurğulayıb ki, bu məsələdə Türkiyə Azərbaycana hərbi və siyasi dəstək verərsə, onda Ermənistan tərəfini də Rusiya dəstəkləyə bilər. Bunun da çox ciddi bir dünya böhranına gətirib çıxara biləcəyini deyən F.İbrahimlinin sözlərinə görə, bir sözlə, Azərbaycan dövləti hərbi cəhətdən kifayət qədər güclü, iqtisadi cəhətdən inkişaf etmiş, siyasi cəhətdən isə sabit bir ölkə olaraq öz problemlərini heç bir kəsdən kömək almadan həll edə bilər.
"Sadəcə olaraq, kənar qüvvələr bu işə müdaxilə etməzsə, Azərbaycan münaqişəni çox rahat şəkildə həll edə bilər. Azərbaycan tərəfi hələ ki, beynəlxalq hüquq normaları çərçivəsində Dağlıq Qarabağ münaqişəsini həll etməyə cəhd edir", - deyə o əlavə edib.