Millət vəkili: “Biz isə elə etməliyik ki, tarix boyu başımıza gətirilən fəlakətlər bir daha təkrarlanmasın”-MÖVQE

2 Aprel 2011 02:53 (UTC+04:00)
"Müsəlman dövlətləri hər zaman yeraltı sərvətlər, neft və qazla zəngin olub. Ona görə də böyük dövlətlər balans yaratmaq üçün bu ölkələrə qarşı tarix boyu müxtəlif siyasət aparır. Amma bütövlükdə biz bu siyasət haqqında dərindən düşünməliyik ki, bu proqramlaşdırılmış "sunami" bizə dəyməsin və yan ötüb keçsin". Bu barədə SİA-ya Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov son zamanlar dünyada baş verən proseslər və bu hadisələrə ölkədə gənclərin cəlbi məsələsinə münasibət bildirərkən deyib. O bildirib ki, bəzi qüvvələr öz istəklərinə çatmaq üçün bəzi çağırışlar edir, gəncləri yoldan çıxarırlar.

"Məgər bizə enerji lazım deyil ki, bundan başqaları istifadə etsin? Bizə elə bir şey lazım deyil və bu barədə düşünmək lazımdır. Liviya, Misir, Suriyanın axırının nə olduğu hər kəsə bəllidir. İraqda müharibə bu gün də davam edir. Onlar bir-birilərini qırır, nefti isə başqa dövlət aparır. Əfqanıstanda da müharibə gedir. Biz elə etməyik ki, onların gününə düşməyək. Çox dərindən fikirləşmək lazımdır. İndi bizim gənclər cavandırlar, dünya çağırışına qulaq asırlar, internetdə müxtəlif məlumatlar yayırlar. Hər bir yerdə əvvəlcə insanların ağlını, sonra isə malının alırlar", -deyə o əlavə edib.

Amerikaya dəfələrlə səfər etdiyini deyən rektor burada Qafqazı öyrənən çox böyük institutun olduğunu söyləyib. O bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasından 4 dəfə böyük olan bu təhsil ocağında tələbələrə yalnız Qafqaz regionu öyrədilir. Onun sözlərinə görə, onlar bizim psixologiyamızı bizdən yaxşı bilirlər: "Onlar istəmirlər ki, Qafqazda türk, müsəlman dövləti belə gücə malik olsun. Enerji balansını mənimsəmək istəyirlər. Biz isə elə etməliyik ki, tarix boyu başımıza gətirilən fəlakətlər bir daha təkrarlanmasın. Dünyada çox böyük qarışıqlıq gedir, üzümü gənclərə tutub deyirəm ki, hər şeyə hazır olmaq lazımdır. Bilin ki, biz heç kimi maraqlandırmır, bizim enerjimiz çox adamı maraqlandırır".