Dr.Namiq Novruzov beynəlxalq seminarda iştirak edib

7 Fevral 2020 11:29 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov 27 yanvar - 01 fevral 2020 tarixlərində Avstriyanın Zalsburq şəhərində Amerika-Avstriya Fondu tərəfindən təşkil olunmuş və “Zalsburq tibb seminarları” adını almış “Mədə-bağırsaq xərçəngi” seminarında iştirak edib. Beynəlxalq seminarda dünyanın 31 ölkəsindən 35 cərrah, onkoloq və qastroenteroloq iştirak edib.

Seminar ABŞ-ın Nyu-York şəhərindən dəvət olunmuş Memorial Sloan Kettering Xərçəng Mərkəzinin ekspertləri tərəfindən aparılmışdır. Toplantıda ezofaqus, mədə, nazik və yoğun bağırsaq törəmələrinə müasir yanaşmalar, müalicə prinsipləri, bu sahədə aparılan işlər ətrafında geniş müzakirələr yer alıb.

Hospitalın Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzov toplantının 2-ci günündə “İntrahepatik xolangiokarsinoma üçün Sol Hepatektomiya və Subtotal Qastrektomiya” mövzusunda çıxış edib. Dr. Namiq Novruzovun təqdimatı böyük maraqla qarşılanmış, interaktiv diskussiya aparılmış, məruzəçi maraq doğuran bir çox sualları cavablandırmışdır.

Tədbirdə qaraciyər, öd kisəsi və öd yolları törəmələri, kolorektal xərçəngin metastatik qaraciyər törəmələri müalicəsində son standartlar, TACE və TARE müalicə prinsipləri, bir və ya iki mərhələli rezeksiya protokolları, pankreas törəmələrinin onkoloji cərrahi müalicəsi müzakirə olunub. Eyni zamanda, kolon törəmələrində yeni müalicə protokolları, rektal törəmələrdə gözlə-izlə müalicə taktikasının son nəticələri barədə məlumatlar dinlənilib.

Sevindirici və qürurverici bir haldır ki, bu mötəbər seminarların sonunda test nəticələrinə əsasən Hospitalımızın həkimi Namiq Novruzov 34 DFP CME kredit balı ilə sertikifat almışdır.